Son günlər satış bazarında nəzərə çarpan məqamlardan biri də yumurtanın qiymətinin qalxmasıdır. Belə ki, adətən 15-17 qəpik olan kənd yumurtasını indi yerlərdən asılı olaraq 20, hətta 25 qəpiyə də görmək mümkündür. Bunu broyler yumurtalarında da müşahidə etmək olur. Belə ki, ayın əvvəlində bir ədədi 6-7 qəpiyə satılan yumurtanın qiyməti hazırda 10-12 qəpik arasında dəyişir. Ümumilikdə isə son bir həftədə yumurtanın qiyməti 4-5 qəpik bahalaşma qeydə alınıb. Xatırladaq ki, ölkəmizdə oxşar hadisə keçən ilin yaz aylarında da baş vermişdi. Həmin dövrdə yumurtanın qiyməti süni şəkildə qaldırılsa da ekspertlər indiki artımı digər amillərlə əlaqələndirirlər.
Kənd
təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, həm
kənd, həm də broyler istehsalı olan yumurtaların qiymətinin
qalxması iki səbəbə bağlıdır: "Birinci ondan qaynaqlanır ki, son
dövrlər Azərbaycanda quşçuluqda istifadə olunan yemin qiyməti
nisbətən qalxıb. Xüsusən buğda və taxıl mənhsullarının qiymətinin
qalxması birbaşa yumurta istehsalında özünü göstərir. Çünki,
yumurta istehsalında həmin məhsulların rolu 65-70 faiz təşkil edir.
İkinci səbəb isə onunla bağlıdır ki, günün get-gedə
qısalmasıdır. Çünki, toyuqlar gün uzun olanda daha çox bayırda
olub, daha çox qidalanırlar. Ona görə də onlar gün aşırmadan
yumurta verirlər. Ancaq gün qısa olduqda toyuqlar daha az
qıdalandığı üçün onlar hər gün yumurta vermək qabiliyyətində
olmurlar. Belə olduğu üçün də əvvəlki qədər yumurta istehsal
olunmur. Yəni, təklif azalır. Təklif də azalanda mütləq o, qiymətə
təsir edir". Ekspertin sözlərinə görə, sənaye üsulunda istehsal
olunan yumurtanın qiymətinin artması əlavə xərclərlə bağlı ola
bilər: "Çünki, orada işıq enerjisindən nə qədər çox istifadə
olunarsa, son nəticədə bir o qədər yumurtanın qiyməti bahalaşar.
Artmış qiymətlərin hətta müxtəlif yerlərdə fərqli olması isə
topdansatış bazarına yaxınlıq məsafəsi ilə ölçülür. Çünki, məsafəyə
görə xərclər də müxtəlif olur. Digər faktor isə icarə haqqı ilə
bağlıdır. İcarə haqqı mərkəzdə yüksək, ətraflarda isə nisbətən
aşağı olur. Başqa amil də bazarlarda müəyyən sayda sahibkarların
çoxdan işləmələridir. Çünki, qiymətin qaldırılması baxımından
onların öz aralarında sövdələşməsi asan olur. Ümumilikdə isə
respublikada bunun qarşısının alınması rəqabətli mühitin daha da
yaxşılaşdırmasından keçir".
Respublika Quşçular
Cəmiyyətinin sədri Aydın Vəliyev isə bildirir ki,
broyler yumurtalarının qiymətini mağazaların özləri təyin edir:
"Broyler yumurtasındakı qiymət artımını bununla izah etmək olar.
Amma kənd yumurtasının qiymətinin qalxmasında başqa nüanslar ola
bilər. Ola bilsin hansısa yerdə müəyyən xəstəliklərlə əlaqədar
toyuqların saylarında seyrəlmələr baş verib. Bu da az istehsal
deməkdir. Bu da yumurtanın bahalaşmasına səbəb ola bilər".
Sədr onu da əlavə etdi ki, sənaye üsulu ilə hazırlanan yumurtalarının fabriklərdən çıxış qiyməti 7.5 qəpikdir: "Mağazalardakı qiymətlərin yüksək olması həmin dükan sahibindən asılıdır. O, yumurtanı aldığı qiymətə yox, onu əlavə etdiyi qiymətlə bərabər satır. Ona görə də sənaye yumurtalarını müxtəlif yerdə fərqli qiymətlərə görmək mümkündür".
Müvafiq rəsmi qurumlar isə bildirir ki, həm yerli, həm də idxal hesabına bazarda bolluq olduğuna görə sentyabr ayına qədər Azərbaycanda qiymətlər ucuz idi. Amma mövsümlə əlaqədar istehsal azaldığından qiymətlərdə bahalaşma baş verib. Səbəblərdən biri də payızda toyuqların da yumurta istehsalını azaltmasıdır. Lakin kənd toyuqlarından istehsal olunan yumurtanın 20 qəpiyə verilməsi əhaliyə qarşı haqsızlıqdır.