Barzani PKK-nı Şimali İraqı tərk etməyə çağırıb

2 Avqust 2015 16:30 (UTC+04:00)

İraqın kürdlərin yaşadığı bölgəsinin lideri həmçinin PKK ilə Türkiyə hökumətini sülh prosesini bərpa etməyə çağırıb

İraq kürdlərinin lideri terrorçu PKK təşkilatını Türkiyənin hava hücumları zamanı mülki əhali arasında tələfata yol verməmək üçün İraqda kürdlərin ərazilərindən döyüşçülərini çıxarmağa çağırıb.

"PKK Kürdüstanda mülki əhalinin döyüş və münaqişə qurbanına çevrilməməsi üçün regiondan öz döyüşçülərini çıxarmalıdır"- deyə regionun prezidenti Məsud Barzani bəyanatında bildirib.

Movqe.az Amerikanın səsinə istinadən xəbər verir ki, bəyanatda İraqın şimal-qərb bölgəsində hava hücumları zamanı xəsarət və əmlaka zərər dəydiyi haqda verilən xəbərlərdən sonra Türkiyənin hava hücumları da qınanıb.

"Biz Kürdüstan regionunun vətəndaşlarının şəhid olması ilə nəticələnmiş bomba hücumunu pisləyirik və Türkiyəni vətəndaşları bombalamağı təkrar etməməyə çağırırıq"-deyə bəyanatda bildirilir.

İraqın Kürdüstan bölgəsinin liderinin bəyanatında həmçinin PKK və Türkiyə hökuməti sülh prosesini bərpa etməyə çağırılır.