Həkimlərlə dərman firmalarının işbirliyinə son qoyulur

4 Avqust 2015 09:00 (UTC+04:00)

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında dərman preparatlarının qiymətinin baha olması ilə bağlı məlum açıqlamasından sonra, Tarif Şurasının yeni qərarına əsasən, dərman vasitələrinin ekspertiza xidmətlərinin və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənən mallar siyahısına daxil edildi. Bununla əlaqədar "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na dəyişiklik də edildi. Dərman qiymətləri xeyli aşağı salındı.

Bunun ardınca Səhiyyə Nazirliyinin verdiyi başqa qərarla həkimlərin yazdıqları reseptə nəzarət gücləndirildi. Bundan sonra artıq apteklərə daxil olan həkim reseptlərinə nəzarət olunacaq. Standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışına icazə verilməyəcək. Proses "Dərman vasitələri və təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə tədbirlər planı"na uyğun olaraq həyata keçiriləcək. Plana əsasən, tibb müəssisələrində xəstələrə pulsuz təqdim olunan dərman preparatları ilə təminat üzərində də nəzarət gücləndiriləcək. Bütün bunlar həkimlərin dərman firmaları, apteklərlə də işbirliyinə son qoyulması deməkdir.

Tibb elmləri doktoru Adil Qeybulla qeyd edir: "Öncə onu deyim ki, hələlik dərmanların qiymətində elə bir ciddi dəyişiklik yoxdur. İkinci bir tərəfdən, həmin məsələ icbari tibbi sığortanın tətbiqindən keçir ki, burada insanlar üçün vacib olan həmin dərmanlar müəyyənləşməli və bu dərmanlar həmin sığorta paketinə daxil edilməlidir. Yəni, gündəlik istifadə olunan antibiotiklər, ağrıkəsici dərmanlar sığorta paketinə daxil olmalıdır. Vətəndaşın sosial müdafiəsi olaraq məhz bu addımın seçilməsi daha məqsədəuyğundur. Belə olarsa, vətəndaş dərmanlarla bağlı hazırda yaşanan ağrını hiss etməz".

Həkimlərin apteklərlə iş birliyi amilinə gəldikdə, həmsöhbətimiz bu məsələnin əslində bir qədər şişirdildiyini diqqətə çatdırdı və sözügedən iş birliyində qəbahət axtarmağın doğru olmadığını bildirdi: "Həkimlə apteklər arasında münasibətlər dünyanın hər yerində mövcuddur. Hər bir farmokoloji kampaniya özünün gətirdiyi dərmanın satılmasında maraqlı olur. Sadəcə olaraq, Azərbaycanın dərman bazarında keyfiyyətinə güvənilən dərmanlar az olduğundan, habelə tibbi sığorta olmadığından, bu cür narazılıq var. Hesab edirəm ki, icbari tibbi sığorta olan təqdirdə bu məsələ də avtomatik olaraq aktuallığını itirəcək".

Tibb üzrə fəlsəfə doktoru Aydın Əliyevin fikrincə isə, verilən qərar dərman bazarına müsbət təsir göstərəcək: "Azərbaycan dərman bazarında sözün həqiqi mənasında özbaşınalıq hökm sürürdü. Ona görə də hökumət dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsinə getməli oldu. Dərman qiymətlərinin baha olması ilə bağlı əhali arasında ciddi narazılıq var. Bunu onların şikayətlərindən də görmək olardı. Gətirilən dərman preparatlarının da bir çoxu keyfiyyətsiz olması ilə seçilirdi. Amma narazılıq bütün hallarda həkimə yönəlirdi. Bu sistemdə bir özbaşınalıq vardı. Belə olan halda prosesə ciddi nəzarətin olmasına ehtiyac vardı ki, nəhayət, bu istiqamətdə addım da atıldı. Tarif Şurasının dərman preparatları ilə bağlı verdiyi qərar məcburiyyətdən ərsəyə gələn bir qərardır. Düşünürəm ki, sahibkarlar da qərara uyğun hərəkət edərək, bundan sonra ölkəyə ancaq keyfiyyətli dərmanların gətirilməsində maraqlı olarlar.

Dərman preparatlarının qiymətlərinə belə nəzarət ölkəmizin icbari sığorta təbabətinə keçməsi anına qədər davam etməlidir. Həkimlə apteklər arasında işbirliyinə gəldikdə, bu əməkdaşlıq tarixən həmişə olub. Sadəcə olaraq, son dövrlər məsələ bir qədər şişirdilib".