Alman bədxahları yenə Azərbaycana qarşıdır

4 Avqust 2015 10:10 (UTC+04:00)

Almaniyada növbəti dəfə ölkəmizə qarşı qərəzli mövqe sərgilənib. Belə ki, Almaniyanın ictimai yayım şurasının orqanı olan "Alman dalğası" radiostansiyası Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı açıq-aşkar düşmənçilik mövqeyi nümayiş etdirib. Radiostansiyanın əməkdaşı Kristianna Trippe Ermənistan üzərindən Azərbaycanın işğal altındakı ərazilərinə daxil olaraq separatçıları mədh edib.

Burada "Alman dalğası"nın əməkdaşı Xankəndinə baş çəkib, orada qondarma "DQR" rejiminin "nazirləri" ilə söhbətləşib. Onların münaqişəyə dair tamamilə təhrif olunmuş fikirlərinə gen-bol yer verib. Xankəndində "DQR bayrağının qürurla dalğalandığını" yazıb. Trippe habelə Xocalı aerportunun yerində inşa edilmiş yeni aeroportdan bəhs edib, Azərbaycan tərəfinin ora enən və ya qalxan istənilən təyyarəni vuracağına dair hədələrindən sonra aerportun isttifadəsiz qaldığını xatırladıb. Dağlıq Qarabağa hərbi və mülki yüklərin Ermənistanla yeganə quru əlaqəsini təmin edən Laçın dəhlizi ilə daşındığını bildirib.

Maraqlısı budur ki, Almaniya ATƏT-in Minsk Qrupunun üzvüdür. Rəsmi Berlin isə Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu qəbul edir. Bu fonda Berlinin nəzarətində olan media qurumlarının qərəzli addım atması başadüşülən deyil. Ancaq təhlilçilər bu addımların arxasında Almaniyanın konkret siyasi dairələrinin olduğunu deyirlər. Mövzu ilə bağlı "Mövqe"yə şərh verən YAP-in beynəlxalq əlaqələr komissiyasinin katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirli bildirdi ki, Almaniyanın kifayət qədər nüfuzlu olan "Alman dalğası" radiostansiyası əslində, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən, Ermənistanın işğalçılıq siyasətini ört-basdır edən bir reportaj ilə seçildi: "Bu radiostansiyanın kifayət qədər nüfuzlu olması və daha çox iqtidarın mövqeyini müdafiə etməsi ilə tanınması onu deməyə əsas verir ki, "Alman dalğası" radiostansiyasının anti-Azərbaycan kampaniyasının arxasında Almaniyanın özünün müəyyən siyasi dairələri dayanır. Avropa Oyunları ərəfəsində də Almaniyanın həmin siyasi dairələrinin qərəzli anti-Azərbaycan yanaşmasının şahidi olmuşduq. İndiki hadisələri də onun davamı kimi dəyərləndirilə bilər. Radiostanisyanın əməkaşı Kristianna Trippe birbaşa Ermənistana keçməklə işğal altındakı Qarabağa getməsi və orada müsahibələri elə şəxslərdən alır ki, onlar Azərbaycanı tam vəhşi obrazda təqdim edir. Guya ki, ermənilər işğalçı deyil, sadəcə, öz kilsələrini, qəbrlərini, torpaqlarını müdafiə edən insanlardır. Jurnalist bu şəkildə ilk növbədə Almaniya ictimaiyyətini, bütövlükdə isə dünya ictimaiyyətini aldatmış olur".

Politoloq qeyd etdi ki, Almaniyanın bu davranşı onun ATƏT-in Minsk qrupunun üzvü olması kimi statusuna uyğun deyil: "ATƏT-in Minsk qrupunun üzvləri münaqişənin həllində obyektiv, dürüst mövqedə olmalıdırlar. Təsdiqlənmiş faktlar əsasında addımlar atmalıdırlar. Radiostansiyanın rəhbərliyi bilmirmi ki, işğalçı rejimin nəzarətində olan Azərbaycan ərazisinə jurnalist göndərirlər? Həmin əraziyə daxil olmaq üçün Azərbaycanın icazəsini almalıdırlar. Amma heç bir icazə olmadan bu addımı atdılar. Bu yanaşma Almaniyanın Minsk qrupu üzvü olması statusuna, daşıdığı missiyaya ziddir. Yəqin ki, bundan sonra Azərbaycan tərəfi bu məsələsini yüksək səviyyədə qaldıracaq. Azərbaycan Xarici İşlər Nazirliyi arzuolunmaz şəxslər siyahısına həmin radiostansiyanın əməkdaşlarını salacaq. Radiostansiyanın rəhbərliyinə bununla bağlı müvafiq etiraz bildiriləcək".

Elman Nəsirli əlavə etdi ki, ümumiyyətlə, bu cür yanaşmalar Azərbaycan-Almaniya münasibətlərinin bu gününə və gələcəyinə kölgə salan haldır: "Buna heç cür imkan vermək olmaz. Belə yanaşma ilə münaqişəni həll etmək mümkün deyil. Separatçı əraziyə gedib, Azərbaycan əleyhinə reportajlar hazırlamaq proseslərə kömək etmir, sülh prosesinə arxadan zərbədir. Bununla bağlı ilk növbədə Almaniyanın siyasi dairələri ölçü götürməlidirlər. Radiostansiyanın Almaniyanın ictimai yayım şurasının orqanı olmasını nəzərə alsaq, Almaniya hökuməti müvafiq mexanizləri tətbiq edə bilər. Əks halda Bakı-Berlin münasibətlərində gərginliklər arta bilər. Bu isə münasibətlərin gələcəyinə müsbət nəsə vəd etmir".