Bölgələrdə iaşə obyektlərinin qiymətindən yenə narazılıq var

4 Avqust 2015 10:45 (UTC+04:00)

Mövsümlə əlaqədar istirahət məkanlarına üz tutanların sayı da artır. Həmişə olduğu kimi, istirahət üçün xarici seçənlər də var, daxildə ölkəmizin turizm məkanlarından istifadə edənlər də. Ancaq əksər turistlər yenə də bölgələrdə fəaliyyət göstərən istirahət mərkəzlərdəki qiymət bahalığından şikayətlənirlər. Mövcud qiymətlərlə xidmətin adekvat olmadığını bildirirlər. İqtisadçılar da iradları təsdiqləyirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Tural Abbasov bildirir ki, bölgələrdə turizm obyektlərində qiymətlərin baha olmasını turizmlə bağlı problemdir: "Əvvəla, hazırda turizm sektoruna güzəştlər tətbiq edilmir. Qiymətlərin yüksək olması ilk olaraq bununla bağlıdır. Digər tərəfdən, ölkəmizdə turizm sektoruna əlavə dəyər vergisində güzəştlər edilməlidir. Güzəştlər xərclərin azalmasına, qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Ancaq təbii ki, əlavə dəyər vergisinin tam ləğv edilməsindən söhbət getmir. Əlavə dəyər vergisində güzəştlərin tətbiq edilməsi bu sahədə rəqabət qabiliyyətini artırır. Bu halda hətta ölkəmizə gələn xarici turistlərin sayını artıra bilərik.".

Ekspert qeyd etdi ki, bizdə insanlar əsasən yay turizminə üstünlük verirlər: "Belə olduqda isə istirahət mərkəzlərinin qısa müddətdə işləməsi sahibkarlar üçün sərf etmir. Yəni, mövsümdə qazanılan vəsaitlər digər dövrlər ərzində məkanın saxlanmasına sərf edilir. Bu da obyektlərin işlək vaxtı qiymətlərinin yüksək olmasına şərait yaradır. Həmçinin, istehlak olunan məhsulların qiymətləri də yüksəkdir. Ümumiyyətlə, qiymətlərin aşağı salınması üçün turizm məkanlarının sayı dəfələrlə artırılmalıdır".

Turizm məsələri üzrə ekspert Elxan Vəliyev hesab edir ki, hazırda daxili turlara müraciət edənlərin sayı çoxdur: "Hətta artıq yer tapmaq problemə çevrilib. Amma bu gün ölkəmizdə qiymət siyasəti Avropa standartlarına uyğun deyil. Müraciət edənlər çox olsa da, mövsümə əlaqədar qiymətlər yüksəkdir. Bunun isə bazar iqtisadiyyatı şəraitində həll yolu daha çox turizm müəssisələri yaratmaqdır. O zaman qiymətlərin enməsinin şahidi olarıq. Daxildə qiymətlər enərsə, xaricə üz tutanların bir qismini burada saxlaya bilərik. Onu da nəzərə alaq ki, ölkəmizdə turizm məkanlarının sayını artımaq üçün infrastruktur mövcuddur".