Nikah üçün tələb olunan tibbi arayışı "ASAN xidmət" mərkəzi verəcək

4 Avqust 2015 12:25 (UTC+04:00)

Yalnız "ASAN xidmət" mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər

Nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər. Bu barədə Movqe.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Xatırladaq ki, arayışın əldə edilməsi üçün zəruri olan sənədlər aşağıdakılardır:

- Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;

- Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.

Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.

Qeyd edək ki, yalnız "ASAN xidmət" mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.