Daş karxanaları nəzarətə götürüləcək-Özəl

4 Avqust 2015 16:22 (UTC+04:00)

"Bir neçə gündür davam edən isti hava şəraiti ilə əlaqədar hələki açıq havada günəşli saatlarda işçilərin işlədilməsi faktına rast gəlinməyib. Tikintidə belə faktlar yoxdur, açıq havada isti saatlarda iş dayandırılıb. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daş karxanalarını da nəzarətə götürəcək, reydlərə başlayacaq". Bu barədə Movqe.az-a eksklüziv olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov məlumat verib. M. Məhərov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin havanın temperaturunun 40 dərəcəni keçməsi ilə bağlı xəbərdarlığından sonra, bölgə rəislərinə tapşırılıb ki, açıq havada iş aparan şirkətlərə nəzarət edilsin. M. Məhərovun sözlərinə görə, əməyin mühafizəsi qaydasını pozaraq işçini açıq hava şəraitində yüksək temperatur altında işlədən sahibkarlar 2000 manatadək cərimə oluna bilər: "Havanın temperaturu 41 dərəcədən çox olduqda açıq şəraitdə iş yerlərində işə fasilələr verilir, yaxudda iş dayandırılır. Əgər fasilə verilirsə, bu fasilə iş saatına daixl edilir və tarif maaşı ilə əməkhaqqı ödənilir. İş dayandırılırsa, boşdayanma vaxtının haqqı, işçinin təqsiri üzündən baş verməyən dayanma vaxtı kimi tarif maaşının 4/3 hissəsindən az olmayaraq ödənilir. Bu əsasən açıq şəraitdə iş yerlərinə aiddir".

M. Məhərovun sözlərinə görə, bu Əmək Məcəlləsinin 233-cü maddəsində öz əksini tapıb. M. Məhərov deyib ki,əgər temperatur 41 dərəcədən yüksəkdirsə, belə halda işçini işlədən müəssisə rəhbərliyi məsuliyyət daşıyır və bu əməyin mühafizəsi qaydalarının pozulması kimi qiymətləndirilir.