Qarabağ müharibəsi yenidən alovlanmaq üzrədir

29 Sentyabr 2012 08:29 (UTC+04:00)

Əziz Əlibəyli: "Məsələnin yalnız hərbi müstəvidə həll ola biləcəyi daha real görünür"


Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında ATƏT-in Misk qrupu öz üzərinə vasitəçilik öhdəliyini götürsə də missyasını layiqincə həyata keçirə bilmir. Bu da Minsk qrupunun fəaliyyətini ciddi qınaq obyektinə çevirir. Qeyd olunan fonda olduqca maraqlı açıqlamalar isə xarici işlər nazirinin müavini Araz Əzimov tərəfindən səsləndirilib. Nazir müavini çoxdandır münaqişə barəsində danışıqların getmədiyini bildirib.

Onun sözlərinə görə, hərdən ayrı- ayrı vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən müxtəlif səviyyədə görüşlər keçirilsə də, konkret zaman çərçivəsində konkret məsələləri həll etmək üçün aparılan müzakirə prosesi hazırda mümkün deyil: "Ona görə də həmsədrlərin səfəri təsirli ola bilməz". Ən əsası isə Araz Əzimov onu da əlavə edib ki, əsas prinsip deyilən sənəd torpaqları qaytarmır: "Siyasi baxımdan məsələnin əhəmiyyətini azladır". XİN təmsilçisinin bu cür çıxışı isə müharibə ehtimalını daha da artırır.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da bu fikirdədir: "Xüsusi ilə də nəzərə alsaq ki, bu gün Rusiyanın da davranışında birmənalı şəkildə müharibə təhdidi görünür. Rusiya son zamanlar durmadan müxtəlif KİV ilə Azərbaycanın hərbi cəhətdən Ermənistandan qüdrətli olmasını və Azərbaycanın müharibəyə hazırlaşdığını təbliğ edir. Aydındır ki, əgər Rusiya bu müharibəni istəyirsə, bu, artıq yaxşı hal deyil. Bu gün bölgədə müharibə yalnız və yalnız Rusiyaya lazımdır ki, o, Qərbin İran kampaniyası ərəfəsində bölgəyə daxil olmasını təmin etsin. Bununla da Qərblə İran məsələsində daha ciddi "alver"ə girə bilsin". Politoloqun fikrincə, biz bu mərhələdə danışıqları olduğu kimi saxlamalıyıq: "Çünki, danışıqlara görə məsuliyyəti ATƏT üzərinə götürüb. Münaqişə tərəfləri də həmin məsuliyyəti faktiki olaraq öz üzərindən atıblar. Ona görə də danışıqlara təkan verməyi ilk növbədə Misk qrupu və ATƏT-ə üzv olan ölkələr düşünməlidirlər".

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri, siyasətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rövşən İbrahimovun sözlərinə görə, müharibə yolu ilə torpaqların azad olunma variantı hər zaman möcvud olub: "Əgər beynəlxalq təcrübə və tarixi keçmişə baxsaq, çox nadir hallarda hərbi potensialı geniş olan ölkələrin alternativ yollar axtarışında olduqlarını görərik. Azərbaycan da bunun çox bariz nümunəsidir. Bu cəhətdən biz hələ də ümidvarıq ki, həmin məsələni müharibəyə gətirmədən - sülh yolu ilə həll etmək mümkündür. Bu istiqamətdə də geniş iş aparılır. Fəqət Ermənistanın qeyri - konstruktiv mövqeyi bu gün üçün münaqişəni çıxılmaz vəziyyətə gətirib".

Ekspert danışıqlara təkan vermək üçün ilk növbədə beynəlxalq ictimaiyyətin istəyi və səmimi yanaşmanın olmasını vurğulayır: "Eyni anda Ermənistanın gücləri də buna konstruktiv yanaşmalıdır. Hazırda Azərbaycan tərəfi buna hazırdır. Həmçinin biz Ermənistanı bütün regional layihələrin xaricində tutmağa çalışmışıq. Çünki, onlar gələcəklərini düşünmək üçün milli maraqları çərçivəsində türk dünyası ilə yaxşı münasibətləri olmalıdırlar. Təbii mənbələri yoxsul olan bir ölkə bunu anlamalıdır".

Digər politoloq Əziz Əlibəyli isə hesab edir ki, bu məsələdə belə bəyanat gözlənilən idi: "Çünki, Ermənistan və Rusiya məsələnin köhnəlməsinin yəni, status-kvonun saxlanmasının tərəfdarı olmaları hamıya məlumdur. Onlar hesab edirdilər ki, proses uzandıqca Azərbaycan mövcud vəziyyətlə barışacaq. Azərbaycan isə ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır. Amma nə yazıqlar ki, bunun qarşılığında bizim müharibə kimi alternativimiz xeyir gətirəcək amil deyil".

Ekspert danışıqlara təkan vermək üçün artıq bütün vasitələrdən istifadə edildiyini vurğulayır: "Həqiqət odur ki, bütün variantlar tükənib. Məsələnin yalnız hərbi müstəvidə həll ola biləcəyi daha real görünür".