Rubl manata nisbətdə sürətlə dəyər itirməyə başladı

5 Avqust 2015 07:03 (UTC+04:00)

Şimal qonşumuzun valyutası son günlərdə yenə sürətlə dəyərdən düşməkdədir. Dollara və avroya nisbətən zəifləyən rubl manatla müqayisədə də ciddi məzənnə itkisinə məruz qalmaqdadır. Son 2,5 ayda rubl manat qarşısında 22,5% ucuzlaşıb. Ucuzlaşmanın hələ müəyyən müddət davam etməsi gözlənilir.

Rusiyada dolların birja məzənnəsinin qalxmasının yaxın günlər ərzində davam etməsi proqnozlaşdırılır. Dolların möhkəmlənməsinin əsas səbəbi neftin ucuzlaşması, həmçinin, keçən həftə Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 11%-ə çatdırması ilə bağlıdır. Xatırladaq ki, Rusiyanın xarici dövlət borcu ilə bağlı avqust üçün öhdəliyi (faizlərlə birlikdə) 8,6 milyard dollar, korporativ sektor üzrə isə 8,4 milyard dollar təşkil edir. Bu amil də dolların rubla nisbətdə bahalaşmasının səbəbi kimi qiymətləndirilir. Rusiyanın ən yüksək miqdarda borc ödənişi isə sentyabr və dekabr aylarına təsadüf edəcək. Sentyabrda dövlət və korporativ sektorun xaricə ödəyəcəyi ümumi məbləğ 32,1 milyard dollar, dekabrda isə 46,7 milyard dollar təşkil edir. Bununla əlaqədar, dolların məzənnəsinin tədricən artacağı proqnozlaşdırılır.

Dollar qarşısında zəifləyən rubl manata nisbətdə də dəyərdən düşür. Avqustun 4-də Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı məlumata görə, 1 rubl 0,0165 manata və ya 1000 rubl 16,5 manata bərabərdir. Sonuncu dəfə məzənnə bu səviyyədə 5 ay əvvəl olub. Mart ayından başlayaraq rubl manat qarşısında güclənməyə başlamış, 19 Mayda 0.0213 manata qədər yüksəlmişdi. Həmin vaxt 1000 rubl 21,3 manat təşkil edirdi. İyul ayından başlayaraq isə, yenidən rubl əhəmiyyətli dərəcədə ucuzlaşmağa başlayıb. Son 2,5 ayda rubl manat qarşısında 22,5% ucuzlaşıb. Bu, 1000 rublda 4,8 manat ucuzlaşmaya bərabərdir. Maraq doğuran məqam baş verənlərin dollar-manat məzənnəsinə necə təsir göstərəcəyidir. Ekspertlər məzənnənin indiki həddə qalacağını, hətta mantın dollara nisbətdə müəyyən qədər bahalaşmasını proqnozlaşdırır. Bunun əsas səbəblərindən biri son günlərdə avronun dollara nisbətdə dəyər qazanmasıdır.

Manatın son günlərdəki rəsmi məzənnəsi göstərir ki, Mərkəzi Bank valyuta səbətində avronun payını artırıb. Praktik olaraq, dollar avroya nisbətən möhkəmlənən zaman manata nisbətən də güclənir. Və ya əskinə, dollar ilə müqayisədə dəyər qazanan avro manat qarşısında da güclənir. Hazırda avronun məzənnəsində müəyyən artımlar olduğundan manat da dollara nisbətdə dəyən qazanmaqdadır. Bu isə o deməkdir ki, manatın növbəti mərhələdə məzənnəsi, həmçinin Avropa pulunun durumundan asılı olacaq. Əgər Avrozonada milli valyuta möhkəmlənəcəksə, o zaman manat da dollara nisbətən dəyər qazanacaq. Avronun dollara nisbətən zəifləməsi isə manatın da yumşalmasına səbəb olacaq. Manatın məzənnəsində əsas faktor kimi neft hələ də ön plandadır. Hazırki vəziyyət Mərkəzi Banka imkan verir ki, manatın məzənnəsini müəyyən etdiyi həddə saxlaya bilsin. İqtisadçı-ekspert Oqtay Haqverdiyev mövcud vəziyyəti belə qiymətləndirib: "Bu gün neftin Azərbaycan üçün qırmızı xətti 40 dollardır. Neftin 40 dollara qədər aşağı düşməsinin Azərbaycan üçün heç bir qorxusu yoxdur". Neftin qiyməti isə 50 dollar civarındadır. Onun bu həddən aşağı düşməsi təkcə istehsalsı yox, istehlakçı ölkələr üçün də qəbuledilməzdir. Əksinə, neftin qiymətində yaxın tezlikdə növbəti bahalaşma gözlənilir. Əsas səbəb yaydan sonra dünya bazaralırnda neft tələbinin artmasıdır. Deməli, neftin qiymətinin qalxması da dolları zəiflədəcək və bu, manatın məzənnəsinin möhkəmlənməsiən rəvac verəcək.

Çünki neft qiymətinin artması nəticəsində ölkəyə daxil olan xarici valyuta kəskin artır və nəticədə təklif tələbi üstələyir. Dünya bazarlarındakı vəziyyət və neftin qiyməti ilə bağlı müşahidə edilən tendensiya imkan verir ki, Mərkəzi Bank manatın mövcud məzənnəsini qoruyub saxlaya bilsin. Digər bir faktor ondan ibarətdir ki, ölkədə əhalinin dollara tələbi azalmağa doğru gedir. Vətəndaşlar əllərində olan xarici pulları daha çox manatla dəyişməyə üstünlük verir. Bu da dolların kursunun yenidən manatla müqayisədə aşağıya düşməsinə təsirsiz ötüşmür.