Neft dünya iqtisadiyyatını yeni böhrana sürükləyir

5 Avqust 2015 08:00 (UTC+04:00)

Son zamanlar "qara qızıl"ın qiymətində yenidən ucuzlaşma tendensiyası müşahidə edilir. Artıq bir müddətdir ki, neftin qiyməti aşağıya doğru enir. Hazırda London birjasında bir barrel neft 50 dollarlıq baryerdən də aşağı qiymətə, 49 dollara satılır. ABŞ birjasında isə qiymətlər daha da ucuzdur. Qeyd edək ki, Ukraynada başlanan konflikt və bunun ardınca Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyalar fonunda neftin qiyməti hələ keçən ilin ortalarından düşməyə doğru istiqamət götürmüşdü. Lakin sonradan "qara qızıl"ın qiymətində sanki bir sabitlik yarandı. Amma bu proses də göründüyü kimi uzun çəkmədi. Hazırda neft ucuzlaşmaqda davam edir. Görəsən, neftin qiyməti ətrafında yaşanan belə bir vəziyyət dünya iqtisadiyyatına nə vəd edir? Başlanan bu proses yeni dünya böhranına səbəb ola bilərmi?

Ekspert Zəfər Vəliyev bildirdi ki, neftin kəskin ucuzlaşması fonunda onun ixracı ilə məşğul olan ölkələr bundan ziyan çəkir, idxalçı dövlətlər isə müəyyən xeyir götürürlər: "İndiki situasiyada neftin qiymətinin düşməsi iqtisadi əsaslarla bağlıdır. Dünya üzrə sutkalıq neft hasilatı 94 milyon barreldir. Gündəlik tələbat isə 92 milyon barrelə yaxındır. OPEK üzvlərinin ixrac etdiyi sutkalıq neft hasilatı da artıq 32 milyon barrelə çatıb. Halbuki, OPEK üzvü olan dövlətlərin hasil etdikləri sutkalıq hasilat 28 milyon barreldir. Buradan belə çıxır ki, hazırda qlobal enerji bazarında hər gün 2,5-3 milyon barrel arasında neft artıqlığı hiss olunur. Bu fonda Asiya-Sakit okean regionunda, həm də Avropada mövcud emal zavodları özlərinin emal gücünü artırmaqdadır. Paralel olaraq qlobal enerji bazarlarında neftin qiymətinin aşağı düşməsilə bağlı həm də emal gücü artırılır. Həm Avropa, həm də Asiya-Sakit okean bazarlarında kifayət qədər neft məhsulları var. Avropanın neft emalı zavodlarında istehsal gücü artırılmaqla bərabər, terminallar və neft məhsulu anbarlarında xüsusi sərbəst güclər formalaşdırılır. Bir tərəfdən bu proses Avropanın, Sakit Okean ölkələrinin iqtisadi imkanlarını artırır. Son vəziyyət həmin ölkələrin iqtisadi inkişafına daha da stimul verir. Bu ölkələrin büdcəsinə əlavə vəsaitlər daxil olacaq, onların mənfəəti daha çox olacaq. Digər tərəfdən isə, neft ixrac edən ölkələrə daxil olmalara neqativ təsir göstərir. Hansı ölkələr ki, neft hasil edir, dövlət büdcələrinin neftdən gələn gəlirdən kəskin asıllığı var, hazırda cərayan edən proses, bu dövlətlər üçün kifayət qədər ziyanlıdır. Bunlar İran, Venesuela, İraq və digər böyük həcmdə neft hasil edən ölkələrdir. Göründüyü kimi, neftin qiymətinin bu həddə qədər azalmasından neft ixrac edən ölkələr ziyan götürür.

Neft idxal edən ölkələr "qara qızıl" baha olan zamanda onu əldə etmək üçün kifayət qədər vəsait sərf etməli olduğu halda, qiymətin düşməsi fonunda əvvəllər neft alınmasına xərclənən həmin vəsaitin bir hissəsi indi digər sahələrə yönəldilir. Son dövrlər ABŞ və Avropada minik avtomobillərinin satış faizi həddən artıq yüksək olub. Deməli, neftin qiymətinin aşağı düşməsilə paralel neft məhsullarının qiyməti də aşağı enib. Ona görə də avtomobil istehsal edən müəssisələr bu vəziyyətdən kifayət qədər xeyir götürüb. Türkiyə və İspaniyada neft məhsularına olan tələbat həddən artıq yüksələn xətt üzrə gedir. Məsələn, Türkiyədə təyyarə yanacağına olan tələbat əvvəlki illərlə müqayisədə 2 dəfə artıb. Bu da xam neftin qiymətinin ucuzlaşması ilə bağlıdır".

Həmsöhbətimiz düşünür ki, yaranmış vəziyyət yeni dünya böhranına da gətirib çıxara bilər: "Neftin son qiyməti 51 dollar civarında dəyərləndirilib. Amma neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin dünya iqtisadiyyatına həqiqi mənada neqativ təsirlər göstərə biləcəyi də istisna edilməməlidir. Çünki, neft ixrac edən dövlətlər, o cümlədən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Küveyt, İraq və digərləri neft satışında əldə olunan vəsaiti yatırım olaraq qlobal maliyyə sisteminə qoyurlar. Məsələn, 2013-2014-cü ildə neft ixrac edən dövlətlər "qara qızıl"dan gələn gəlirdən toplam olaraq qlobal maliyyə sisteminə 500 milyard dollarlıq yatırım qoyublar. İndi isə qiymətin ucuzlaşması fonunda bunlar olmayacaq. Təbii ki, neftin qiymətinin aşağı düşməsi həm beynəlxalq maliyyə sistemində, həm də dünya iqtisadiyyatında özünün neqativ təsirlərini göstərəcək. Belə davam edəcəyi təqdirdə, yanacaq-enerji sektoruna investisiya axını səngiyəcək. Neft satışından gələn gəlir paralel olaraq iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilirdisə, indi gəlir azalacağından likvid maliyyə sisteminə yönələn vəsaitlərin həcmi də 2 dəfəyə qədər aşağı düşəcək. Neftin qiyməti bundan sonra da düşməkdə davam edəcəksə, bu halda təbii ki, dünyadakı iqtisadi inkişafa neqativ təsir etməlidir".