Qızmar hava aqrar sektora da təsirsiz ötüşmür

5 Avqust 2015 10:42 (UTC+04:00)

Son günlər dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da havalar həddən artıq isti keçir. Belə vəziyyətin avqust ayının ikinci yarısına qədər davam edəcəyi proqnozlaşdırılır. Havaların həddən artıq isti keçməsi kənd təsərrüfatı sahəsində istehsal prosesinə təsirsiz ötüşmür.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, mövcud hava şəraiti meyvəçiliyə artıq ciddi təsirlərini göstərməkdədir. O düşünür ki, bu şəraitdə cari ildə yerli meyvənin məhsuldarlığı aşağı olacaq: "Cari ildə ölkədə kifayət qədər su ehtiyatı görülməyib. Fermerlərin suvarma suyuna olan tələbatını həll etmək üçün öncədən hazırlıq işləri görülməli idi. Bilirsiniz ki, yaz aylarında kifayət qədər intensiv yağışlar yağdı. O zaman da bildirmişdik ki, yağış suyundan səmərəli istifadə edilməlidir. Azərbaycanda kifayət qədər çox sayda su anbarları, su hövzələri vardır. Bu hövzələri doldurub, sonradan ora yığılan sudan səmərəli istifadə etməklə, əkinçilikdə suya olan ehtiyacı ödəmək mümkün idi. Azərbaycanda iyul-avqust aylarında yağışlar yağmır. Həmin dövrdə yağış yağması hallarına təsadüf etməmişəm. Ancaq əvvəlki illərə nisbətən iqlim dəyişikliyi baş verdiyindən havaların da daha isti keçdiyini müşahidə edirik. Havaların belə isti keçməsi öz təsirini artıq göstərib. Əvvəlki illərdə olduğu kimi dağlarda qar qalmayıb ki, onun əriməsi ilə suya olan ehtiyacın bir hissəsi ödənilsin. Ona görə də çayların quruduğunu, su mənbələrində suyun azaldığını görürük. Hətta artezian quyularının səviyyəsi də düşüb. Bütün bunlar da kənd təsərrüfatının digər sahələri kimi meyvəçiliyə də mənfi mənada ciddi təsir edir. Hər hansı bitki su olmadan inkişaf edə, məhsul verə bilməz. Torpaqda kifayət qədər nəmlik olmadığı halda bitki zəifləyir, ondan əldə olunan meyvənin də keyfiyyəti aşağı olur. Bitki və meyvənin zəifləməsilə zərərvericilər də məhsula daha çox ziyan vurmaq imkanı qazanır. Düzdür, havaların belə şiddətli isti şəraitində keçməsi fonunda xəstəliklər də geniş yayılmır. Amma bununla belə, isti hava şəraitində də zərərvericilər meyvəyə kifayət qədər ziyan vurmaq qabiliyyətindədir. Havaların isti keçməsi fonunda ikinci əkindən də danışmaq olmaz. Digər tərəfdən, isti havaların olması ilə yanğın hadisələri də geniş yayılıb. Hansı ki, yanğınlar da təsərrüfat sahələrinə ciddi ziyan gətirir. Havaların isti keçməsi fermerlərə bütün gün ərzində aqrotexniki qaydalara riayət etməyə də imkan vermir. Hətta qızmar isti şəraitində fermerlər günorta saatlarında su axtarışına da çıxa bilmir.

Bütün bu amillər son nəticədə meyvənin məhsuldarlığına mənfi təsirini göstərir. Belədə bu il meyvənin məhsuldarlığında azalmaların olacağı qaçılmazdır. Bu da kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvələrin qiymətinin bahalaşmasına səbəb olacaq".

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov da qızmar havanın meyvəçiliyə, əsasən də gilas istehsalına ciddi ziyan vurduğunu bildirdi: "İlin bu aylarında Azərbaycanda havalar həddən artıq isti keçir. Hətta bəzi yerlərdə temperatur 45 dərəcəyə qalxır. Belə isti hava isə bütün bioloji ünsürlər üçün zərərlidir. Xüsusən də meyvə bağlarına böyük ziyan dəyir. Müşahidələrimə əsasən, deyə bilərəm ki, hər yerdə bu hava şəraitində gilas bağları quruyur. Bu il yerli gilas məhsullarına demək olar ki, rast gəlinmədi. Məhsul az olduğundan bazarda onun qiyməti 3-5 manata satılır. Əsasən də, Abşeron ərazisində gilas ağaclarının yarpağı indidən quruyaraq tökülür. Dəfələrlə sulanmasına baxmayaraq, onun da gilas bağlarına heç bir müsbət nəticəsi olmayıb. Çünki, həddən artıq istiyə gilas, gavalı, gilanar ağacları ən çox dözümsüzdür. Problemdən çıxmaq üçün həmin ağacların ancaq gecə saatlarında sulanması vacibdir. Bu halda suyun buxarlanmasının qarşısı alına bilər. Hərçənd, bəzi yerlərdə gecə aparılan suvarma işləri də həmin meyvə ağaclarını qurumaqdan xilas edə bilməyib. Ağacların quruması fonunda görünür, payız aylarında Abşeron bağlarında yeni gilas bağları salınacaq. Amma onun bar verməsinə qədər respublikada gilas məhsulunun bol olacağını da düşünmək olmaz. Belədə, növbəti ildə də gilas və digər meyvələrin qiymətinin baha olacağını proqnozlaşdırmaq olar".