Viktor Pelevinin yeni romanı sentyabrda satışa çıxarılacaq

5 Avqust 2015 12:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, tanınmış rus yazıçısı Viktor Pelevinin "Nəzarətçi" (Smotritel) adlı iki cildlik romanı sentyabrda Rusiyada satışa çıxarılacaq.

"Sarı bayraq ordeni" və "Dəmir uçurum" adlanan iki hissədən ibarət "Nəzarətçi" romanı imperator Birinci Pavel barədədir. Tarixdə Birinci Pavel sui-qəsd nəticəsində öldürülsə də, romanda o, gizli şəkildə Peterburqu tərk edir. Pelevinə görə, rus imperatoru həm də kimyagər idi və Peterburqdan o birbaşa İdilliuma - artıq bir neçə yüz ildir ki, ətrafdakılar üçün görünməz olan dünyaya yola düşür. İdilliumda imperator Nəzarətçi olur. O, burada qayda-qanuna riayət edilməsinə nəzarət edir. İkinci kitabda isə söhbət digər nəzarətçidən - Aleksis de Kijedən gedir. Burada o, öz həyatının və hər şeyin mənbəyinə çatmağa çalışır.

Yazıçı Viktor Pelevin ən çox oxunan rus yazıçılarındandır. Pelevin demək olar ki, müsahibə vermir, şəkil çəkdirmir və ictimaiyyət arasında görünməyi sevmir. Yazıçının "Nəzarətçi" əsərinin janrı "düşüncə mayallağı" kimi xarakterizə edilir. Bu isə yazıçı Karlos Kastanedanın ədəbi ənənələrindən və onun "Səssizliyin gücü" kitabının təsirindən xəbər verir.