Azərbaycanda vəbaya qarşı profilaktik tədbirlər gücləndirilib-Özəl

5 Avqust 2015 13:10 (UTC+04:00)
Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar içməli açıq su hövzələrində vəbaya qarşı profilaktik tədbirlər gücləndirilib.  Movqe.az-a bu barədə məlumatı  Səhiyyə Nazirliyi Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov verib. Ş. Qurbanov deyib ki, vəba əsasən içməli su ilə keçdiyindən, xüsusilə yay aylarında bu xəstəliyin vibrionlarının aktivləşməsi üçün əlverişli şərait yaranır: "Vəbanın kəskin xəstəlik törədən variantları və az zərərli, yəni, elitor, kifayət qədər daşıyıcı variantları var. Xəstəliyin yayılmasına isə su hövzələrində həmin vibrionların artması səbəb olur. Hər il mayın 1-dən noyabrın 1-dək, həftədə bir dəfə olmaqla, bütün açıq su mənbələrində və eyni zamanda, insanların məişətdə istifadə etdiyi suların mənbəyində müayinələr aparılır. Yəni, Azərbaycan ərazisində 112 nöqtədə müayinələr həyata keçirilir. Xaricdən ölkəmizə gələn şəxslər isə xəstəliklərlə bağlı gömrük-keçid məntəqələrində sorğudan keçir. Vəba vibronlarının yayılması üçün  37-40 dərəcə optimal şərait hesab edilir. Ona görə də, xüsusilə yay aylarında insanlar keyfiyyətli sudan istifadə etməlidirlər. Yayda maye çox qəbul edildiyindən, mədədə turşuluq azalır. Turşuluğun az olduğu mühit isə vəba vibronlarının inkişafı üçün əlverişli şərait hesab edilir. Məhz ona görə də, yayda vəba xəstəliyinin yayılması üçün potensial şərait yaranır". 

Ş. Qurbanov deyir ki, Azərbaycanda vəba ocağı olmasa da, vaxtilə ölkəmizdə də bu cür xəstəlik qeydə alınıb. Ş.Qurbanovun sözlərinə görə, son 30 ilin təcrübəsi göstərir ki, vəba əsasən su vasitəsilə yayılır. Içməli su problemi olan ölkələrdə insanlar bu xəstəliyə yoluxa bilirlər. Vəbaya tutulan şəxsin orqanizmi xeyli miqdarda maye itirir.