Sürücülər yanacağa daha az pul verəcək

6 Avqust 2015 09:00 (UTC+04:00)

Benzinə olan tələbatı tənzimləmək, eyni zamanda ətraf mühitə dəyən zərəri minimuma endirmək üçün avtomobillərdə sıxılmış qazdan istifadə edilməsi təcrübəsi bütün dünyada sürətlə genişlənməkdədir. Dünya ölkələrində avtomobillərin qazla, daha doğrusu sıxılmış qazla işlədilməsi praktikasına müracəit edən dövlətlərin sayı da sürətlə artır. Ancaq bu üsulla daha çox yük avtomobilləri və fərdi maşınlar işlədilir.

Sıxılmış qaz təbii qazın yüksək təzyiqdə, yəni 200-250 barda kompressorlarla sıxlaşdırılan halıdır. Sıxılmış təbii qazın (STQ) tərkibindəki əsas maddələr - metan 75-90 faiz, etan 5-15 faiz, propan 5 faiz, butan 5 faizdir və belə yanacağın oktan rəqəmi isə təxmini 120-125-ə bərabərdir. STQ-nin maye qazdan (yəni LPG) fərqi onun soyutma olmadan qaz halında çənə vurulmasıdır. Qərb ölkələrində müasir texnologiyaların tətbiqi nəticəsində sıxılmış təbii qazın istehsalı, satışı və istifadəsi zamanı təhlükəsizlik yüksək səviyyədədir, bununla yanaşı həmin yanacaq digər yanacaq növlərindən daha ucuz başa gəlir. Dünyada STQ-nin yayılmasının əsas səbəblərindən biri də yanacağın ekoloji baxımdan ənənəvi yanacaqlardan fərqli olaraq zəhərli tullantıların miqdarının daha az olmasıdır. Belə ki, ənənəvi yanacaqlardan fərqli olaraq STQ-nin istifadəsi zamanı dəm qazı miqdarı 90 faiz, karbon təxminən 24 faiz daha azdır. STQ-nin tərkibində azot və kükürd olmadığı üçün təhlükəli tullantıları olmur və yaxud sıfıra yaxındır.

STQ təyyarə, gəmi, ağır yük avtomobilləri kimi bütün nəqliyyat növlərində istifadə edilə bilər. Dünyada STQ ən çox nəqliyyatda istifadə olunur. Təbii qaz Nəqliyyat Vasitələrinin Beynəlxalq Assosiasiyasının son illər üçün məlumatına görə, təbii qaz istifadə edən nəqliyyat vasitələrinin bazarı iki rəqəm əmsalı ilə artıb. STQ-nin ən çox istifadə edildiyi ölkələrin sırasında İran, Pakistan, Argentina, Braziliya, Çin, Hindistan, İtaliya və digər Qərb ölkələri var. Hazırda dünyada təbii qazla işləyən nəqliyyat vasitələri 20 milyona yaxın, doldurma stansiyalarının sayı isə 20 mindən çoxdur.

Azərbaycandakı ilk sıxılmış təbii qaz stansiyası bu il istfiadəyə verilib. "SOCAR-CNG" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ilk layihəsi - birinci qaz doldurma kompressor stansiyası "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus Zığ avtobus parkının yaxınlığında, Zığ-Hövsan ərazisində inşa olunub. Bura qısamüddətli xüsusi dolum rejimi ilə, yəni 4 saat ərzində 300 avtobusu təxmini 50 min kubmetrə qədər yanacaqla təmin etmək gücünə malikdir. STQ-nin istehsalını və satışını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "SOCAR-CNG" MMC törəmə müəssisəsi yaradılıb. Bu arada bəlli olub ki, "SOCAR Petroleum" QSC hazırda Bakı şəhəri ərazisində 4 yeni yanacaqdoldurma məntəqəsinin (YDM) tikintisini həyata keçirir. İlin sonuna qədər 4 YDM-in təhvil verilməsi gözlənilir. Bu məntəqələrin biri Ziya Bünyadov prospektində, ikincisi "maşın bazarı" yaxınlığında (Badamdar qəsəbəsi), üçüncüsü Binəqədi-Novxanı şosesində, sonuncusu isə Nobel prospektində istifadəyə veriləcək. Yeni YDM-lərin digər bir özəlliyi isə onların tərkibində həm də sıxılmış qaz stansiyalarının (CNG) olmasıdır. Yəni, bu YDM-lərdə nəqliyyat vasitələri ənənəvi yanacaq, həm də sıxılmış qaz doldura biləcək.

"SOCAR Petroleum CNG"dən "Report"a bildiriblər ki, benzinlə çalışan avtonəqliyyat vasitələrinin mükərrikini qazla iş prinsipinə çevirilməsi və ondan sonra həmin nəqliyyat vasitələri də sıxılmış qazla çalışması üçün də müvafiq işlər görülür: Məlumata görə, bunla bağlı hazırlıq işlərinin bir hissəsi artıq yekunlaşıb: "Həmin işləri görmək üçün yeni texnologiyadan istifadə ediləcək. İtaliyanın məşhur "CuboGas" texnologiyasından istifadə etməyi düşünürük. Çevrilmə işlərinin aparılması üçün artıq müvafiq bina hazırdır. Sadəcə texnologiyanın tətbiqi ilə bağlı bəzi məsələlər dəqiqləşdirilir. Düşünürük ki, qarşıdakı iki ayda bu proses tam yekunlaşacaq və növbəti işlərə başlayacağıq". Qeyd edək ki, SOCAR qarşıdakı bir neçə il ərzində ölkədə yanacaq bazarında sıxılmış qazın payını 30%-ə çatdırmaq niyyətindədir. Bütün bunlar isə benzinə tələbin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq. Özü də sıxılmış qaz benzinə nisbətdə daha ucuz başa gəlir.