Azərbaycanda seçki məntəqələrinin kameralarla təchizatı ilə bağlı texniki işlərə başlanıb

5 Avqust 2015 17:50 (UTC+04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" MMC və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ölkədə keçiriləcək parlament seçki məntəqələrinin müşahidə kameraları ilə təchizatı istiqamətində texniki işlərə başlanıb.

Movqe.az nazirliyə istinadən bildirir ki, BTRİB-in baş mütəxəssisi Elman Qədirovun verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) qərargahına qədər xətt şəbəkəsində parametrlərin ölçülməsi, müəyyən istiqamətlərdə optik kabellərin, əlavə kameraların qurulacağı ehtimal olunan məntəqələrin yerləşdiyi ərazilərdə texniki imkanın mövcudluğu ilə bağlı təhlillərə başlanılıb.

"Artıq bununla bağlı rəhbərlik tərəfindən tapşırıqlar verilib. Ötən seçkilərin təcrübəsinə uyğun işlərə başlanılıb. Paytaxtda yerləşən 296 seçki məntəqəsində BTRİB tərəfindən qurulan kameraların texniki imkanları dəyərləndirilir. Seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. Ona görə də MSK-nın veb-saytı vasitəsilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacaqlar", - nazirlikdən bildirilib.