Azərbaycanda II rübdə evlərin tikintisi bahalaşıb

6 Avqust 2015 00:30 (UTC+04:00)

Cari ilin II rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8% bahalaşıb. Movqe.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, rüb ərzində yerüstü tikililər bölməsində 0,8%, yol və körpü tikintisində isə 0,5% bahalaşma müşahidə edilib.

Hesabat dövründə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,9%, sosial təyinatlı binaların tikintisi 0,8%, istehsal təyinatlı obyektlərin tikintisi isə 0,2% bahalaşıb.

Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi isə 1,0% bahalaşıb.

Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 0,8%, inzibati tikililər üzrə qiymətlərdə 0,6% bahalaşma müşahidə olunub.

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi 0,2%, yol tikintisi 0,5%, körpü tikintisi isə 0,2% bahalaşıb.