Quş əti ilə bağlı paradoksal vəziyyət

7 Avqust 2015 09:00 (UTC+04:00)

"Hazırda Azərbaycan özünü quş əti ilə 98%, yumurta ilə 100% təmin edir. Quş əti istehsalı 2010-cu illə müqayisədə 1,5 dəfə artıb və 2014-cü ildə 99,4 min ton, yumurta istehsalı isə 1,3 dəfə artaraq 1,6 milyard ədəd təşkil edib". Bu sözləri Bakıda keçirilən Quşçuların Beynəlxalq Forumunda Prezident Adminstrasiyasının aqrar siyasət şöbəsinin rəsmisi Dilafət Lətifov bildirib. Onun sözlərinə görə, Azərbaycanın xaricə ixrac etdiyi məhsullar sırasında toyuq əti və yumurta da olacaq.

Hazırda 40-dan çox quşçuluq müəssisəsi fəaliyyət göstərir ki, onların istehsalı artdıqca, ixrac potensialı da yaranıb. Bu sahədə istehsalın artması daxili tələbatdan artıq məhsul formalaşmasına səbəb olub. Artıq ilkin olaraq nəzərdə tutulan satış bazarları da müəyyənləşib.

Diqqət çəkən məqam odur ki, quş ətinə və yumurtaya olan tələbatın tam hissəsi daxili istehsal hesabına ödənilsə də, bu məhsullar üzrə hələ də idxal rəqəmləri mövcuddur.

Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov bildirdi ki, tələbatımız daxili istehsal hesabına ödənilsə də, bununla paralel idxalın olması normal haldır: "Çünki, azad rəqabətdir. Əgər idxal edilən məhsul rəqabətə dözür və satılırsa, idxalın da olması normaldır. Bütün dünyada da belədir. Daxili istehsalla bərabər, idxal da olur. Əgər biz idxalı dayandırsaq, daxildə yerli quş ətinin və yumurtanın qiymətləri qalxar, ölkədə bahalaşma başlayar. Bu bahalaşma isə digər məhsulların da qiymətini qaldıra bilər. O zaman daxili istehsalçılar monopolist rolda çıxış edəcəklər. Ancaq monopoliyaya qarşı mübarizə üçün gərək həmişə açıq bazar olsun".

Elçin Sultanov əlavə etdi ki, əgər idxal varsa, deməli o, ya daha ucuzdur, ya da keyfiyyətlidir: "Belə olmasa idi, onlar rəqabətə dözə bilməzdi. Əslində, heç idxalı azaltmağa da ehtiyac yoxdur. Ən əsası bu, radikal üsul olardı. İnzibati vasitələrlə idxalı dayandırmaq düzgün olmazdı. Həm də idxal azalarsa, daxildə yerli istehsalın qiymətləri qalxacaq".

Ekspertin sözlərinə görə, xaricdən gələn quş ətinin, yumurtanın keyfiyyətinin necə olduğunu demək çətindir: "Bunun üçün xüsusi yoxlamalar aparılmalıdır. Hansı ki, ona görə də xüsusi laboratoriyalar mövcuddur. Çünki, yemlərə müxtəlif maddələr qatılması, yumurtalara boya vurulması faktdır. Hətta xaricdən gələn bəzi yumurtaların sarısı belə ağ rəngə yaxın olur. Bu, təbii də ola bilər, süni boya qatılması ilə də mümkündür".

Digər mütəxəssis, Quşçuluq Cəmiyyətinin rəhbəri Aydın Vəliyev də eyni fikirdədir: "Əslində, Azərbaycan quş əti və yumurta idxal etmir. Sadəcə olaraq, inzibati üsullarla idxalın qarşısını almaq düzgün deyil.

İdxalın qarışısının alınması inzibati qayda ilə tənzimlənən bir iş deyil. Amma iş burasındadır ki, xaricdən idxal edilən quş ətinin, yumurtanın qiyməti daha bahadır. Keyfiyyəti barədə isə bunu demək olmaz. Ancaq əvvəllər idxal edilən quş əti və yumurta daha çox idi. Son illər isə azalmağa doğru gedir. Yəqin ki, bu gedişlə bir müddətdən sonra idxal edilən quş əti və yumurta yox səviyyəsinə qədər düşəcək".