Yaxın Şərqdə başlanan böyük müharibə

7 Avqust 2015 10:00 (UTC+04:00)

Yaxın Şərqdə davam edən müharibə bir qədər də alovlana bilər. Buna əsas səbəb terrorçuların bölgədə fəallaşması və hədəf olaraq seçdikləri Türkiyənin onlara qarşı daha sərt addımlar atmağa hazırlaşmasıdır.

Türkiyə artıq ABŞ-a özünün hərbi bazalarından İŞİD-in Suriyadakı mövqelərini bombardman etməyə icazə verib. Ən əsası isə iki ölkə Suriya hökumət qoşunları və "Cəbhət ən Nüsrə" qruplaşması tərəfindən sıxışdırılan müxalif qüvvələr üçün "təhlükəsizlik zonasının" yaradılmasını müzakirə edib. Sözügedən bu zona Suriyanın şimalında yaradılacaq və kürdlər bu sərhədyanı zonadan kənarda saxlanılacaq. Həmin zona Hələb vilayətinin şimalında formalaşdırılacaq və Türkiyə iqtidarının anonsunu verdiyi həmin zolaq uzunluğu 90 kilometr, eni isə 50 kilometr olmaqla hazırda İŞİD-in nəzarətində olan əraziləri özündə cəmləyəcək. Belə vəziyyət Bəşər Əsəd rejiminin devrilməsini də sürətləndiər bilər. Əsəd rejiminin isə Rusiya və İran tərəfindən dəstəkləndiyini nəzərə alsaq, bu ölkələr də prosesə müdaxiəl edəcək. Bu halda regionda böyük müharibənin qığılcımlarını görmək mümkündür. Prosesləri şərh edən "Strateji Araşdırmalar İnstitutu"nun rəhbəri Ramiz Alıyev qəzetimizə bildirir ki, ABŞ zaman-zaman terrorla mübarizə üçün bir çox ölkələrə öz ordusunu göndərib: "Amma bu hadisələr zamanı terrorçular məhv edilsə də, yerli əhaliyə də zərbələr dəyib. İndiki halda da həqiqətən terroçuları məhv edəcəksə, alqışlanası addımdır. Ancaq Suriya müxalifətinə təhlükəsizlik zonanın verilməsi regionda yeni münaqişələrə gətirib çıxara bilər. Çünki, Əsəd hakimiyyətini İran, Rusiya və bir neçə dövlətin dəstəklədiyi faktdır. ABŞ, Rusiya və İranın isə hərəsinin öz maraqları var. Ancaq onu da nəzərə alaq ki, İŞİD-in hətta hərbi təyyarəsi mövcudur. Yəni, bu qədər hərbi texnikaya malik olan İŞİD-i dəstəkləyən qüvvələr mövcuddur. Bununla da onlar regionda olan təbii sərvətləri rahatcasına aparmağı düşünürlər. Bir müddət həmin məkanları müharibə şəraitində saxlayıar. Müharibə şəraitində olan yerlərdə böyük güclər öz maraqlarını rahatcasına həyata keçirə bilir.

PKK və İŞİD-ə dəstək verilməsə, Türkiyəyə təkbaşına hər ikisinin öhdəsindən gələ bilər. Əsəd rejiminə qarşı mübarizə hələlik kənara qoyulmalıdır. İlk növbədə terror təşkilatı məhv edilməlidir. Onda sonra siyasi rejimin dəyişdirilməsi lazımdırsa, bu, xalqın özünün ixtiyarına verilməlidir".

Politoloq Tofiq Abbasov hesab edir ki, artıq regionda böyük müharibə gedir: "Regionda sərt qarşıdurma var. Hətta sərt cərəyanın xətti uzanır, yeni cəbhələr açılır. Proseslərə yeni qoşulan Türkiyə əvvəlcə muxtar şəkildə öz rolunu oynamaq istəyirdi. Ancaq gedişatın gərginliyi, hərbi-siyasi vəziyyət göstərdi ki, Türkiyə prosesləri təkbaşına cilovlaya bilmir. ABŞ da bir müddət ayaq saxlamışdı ki, görsün, Türkiyə nə edəcək. Elə Türkiyənin büdrəməsi ABŞ-ın da marağında idi. Ancaq artıq elə məqam yaranıb ki, Türkiyə ABŞ-la birgə işləməyə başlayıb. Söhbət Suriyadan gedirsə, müstəqil, vahid dövlət olaraq, o, artıq yoxdur. Ölkə bölünüb, müxtəlif cəbhələr yaranıb. Gündə bir qondarma təşkilatlara ortaya çıxır. Bəşəd Əsəd isə əsasən Dəməşq ətrafını, onun qüvvələrinə silah-sursat, dəstək gələn əraziləri və tranzit yolları saxlaya bilir. Ona görə də hələ də duruş gətirə bilib. Amma Türkiyənin proseslərə qoşulması bir qədər müəmmalı görünür. Kürdələrin də dəstəyi var. Məsud Bərzani tərəfindən 2000-dən artıq peşmərgə orada radikal ilamçılara qarşı vuruşmağa hazır idilər. Lakin Suriya, İran kürdləri buna icazə vermirlər. Onlar da fəallıq göstərirlər ki, Türkiyənin planları baş tutmasın. Çünki, Bərzani ABŞ ilə razılığa gəlib, Türkiyə ilə də münasibətləri yaxşıdır. Türkiyənin kapitalı Şimalı İraqda çoxdur. Yəni, ABŞ, Türkiyə və İraq kürdləri arasında artıq razılaşma var. Lakin bu razılaşma regionda olan digər qüvvələrin ürəyincə deyil. Ona görə də vəziyyət gərgindir. Əgər qlobal böyük müharibədən danışırıqsa, bu proses Yaxın Şərqdə gedir".