Evlərin kirayə qiyməti yenidən qalxır

7 Avqust 2015 10:30 (UTC+04:00)

Son zamanlar Bakı şəhərində kirayə ev axtaranların sayında artımlar müşahidə edilir. Əvvəlki dövrlə müqayisədə ilin bu mövsümündə daim kirayə ev axtaranların sayında artımlar qeydə alınır. Bu isə kirayə evlərin qiymətiinin yüksəlməsinə təsirsiz ötüşmür.

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimov kirayə bazarına üz tutanların sayının artmasını mövsümü amillə əlaqələndirdi: "Avqust ayının sonlarına doğru, ayın ikinci dekadasında adətən tələbə kontingentinin şəhərə axını başlayır. Bu zamanda onlar ilk növbədə kirayə mənzil axtarmaqla məşğul olurlar. Belədə də bir növ bazara təzyiq yaranır. Bu sahədə avqustun ikinci yarısı, sentyabr ayı ərzində beləcə aktivlik meylləri baş verir.Yəni, tələbələrin bu dövrdə şəhərə axını kirayə axtaranların sayının artmasını stimullaşdırıb. İkinci bir tərəfdən, yavaş-yavaş məzuniyyətə çıxanlar da geri qayıtmağa başlayır. Məzuniyyətə çıxan və yaxud xaricə gedənlər də tədricən şəhərə qayıdır. Onların da bir qismi bu zaman kirayə evlərinə üz tutur. Bu amil də az da olsa, kirayə bazarında aktivliyin artmasına səbəb olur. Yəni, kirayə bazarındakı mövcud aktivlik mövsümü amillərlə bağlıdır".

Lakin həmsöhbətimiz heç də o qənaətdə deyil ki, kirayə bazarında aktivliyin çoxalması burada kəskin bahalaşmaya gətirib çıxaracaq. N. İbrahimovun fikrincə, qiymətdə artım olsa da, bu, cüzi olacaq: "Əvvəlki illərin təcrübəsinə istinad etsək, görürük ki, məhz ilin bu mövsümündə kirayə bazarında qiymətlər artır. Amma bu il əvvəlki illərlə müqayisədə fərqli olacaq. Bu sahədə qiymət artımı o qədər də gözə dəymir. Bu dövrdə qiymət artımı 6 faiz civarında ola bilər. Ondan əvvəlki illərdə isə artım 10-12 faiz səviyyəsində olurdu".

İqtisadçı-ekspert Natiq Cəfərli kirayə ev axtaranların sayının artmasında Rusiya və Ukraynadan geri dönən soydaşlarımızın sayının çoxalmasının və onların da kirayə bazarına üz tutmasının rolunun olduğunu qeyd etdi: "Bu dövrdə kirayə axtaranların sayının artması mövsümü amillərlə də bağlı ola bilər. Artıq tələbələrin imtahanlarının nəticələri də ümumən bəllidir. Belədə mövsümü amillərlə bağlı olaraq Bakıya gələrək kirayə ev axtaranların sayı da artır. Nəticədə avqust ayı və sentyabrın ilk iki həftəsi ərzində yeni tələbə dalğasının gəlməsilə əlaqədar kirayə bazarında da ciddi canlanma olur. Bu istiqamətdə mövcud olan ikinci məsələ isə daha fundamentaldır. Son məlumatlar da onu göstərir ki, Rusiya və Ukrayna kimi problemlərin yaşandığı ölkələrdən Azərbaycana geri dönüşlərin sayı xeyli dərəcədə çoxalıb. Həmin ölkələrdə işləyən soydaşlarımızın bir hissəsi gəlirlərinin azalması və oradakı iş şəraitinin pisləşməsi səbəbindən geri dönməyə başlayıb. Geri dönən həmin soydaşlarımız cazibə mərkəzi kimi Bakıya üz tuturlar. Bunun özü də kirayə mənzil bazarına ciddi təsir edən amillərdəndir. Təklif indiki səviyyədə qalarsa, tələbat isə artarsa, bu fonda kirayə bazarında qiymətlərin də müəyyən dərəcədə artımı müşahidə oluna bilər. Qəribədir ki, ölkəmizdə son zamanlar mənzillərin satış qiymətində enmələr müşahidə olunur. Amma kirayə mənzillərdə bu tendensiya o qədər də nəzərə çarpmayıb. Ola bilsin, tələbatın və Bakıda yaşamaq istəyən insanların sayının artması fonunda kirayə mənzil bazarında da qiymət artımının müəyyən dərəcədə şahidi olaq".