Ermənilər ruslara da xəyanət edir

7 Avqust 2015 11:00 (UTC+04:00)

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın birinci müavini David Tonoyan Vaşinqtona səfəri çərçivəsində ABŞ Silahlı Qüvvələrinin "Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyi təmin edə biləcəyini" deyib. Halbuki, bu günə qədər ermənilər bu məsələdə ancaq Moskvaya sığınırdı. İndi isə onlar görünür, istiqaməti dəyişib, daha çox Vaşinqton tərəfə meyl etməyə başlayıb.

Belə vəziyyət Rusiyanın ermənilərin arxasından çəkildiyini göstərir. Bu Dağlıq Qarabağ münaqişəsinə nə vəd edir? Politoloq Elman Nəsirovun fikrincə, Vaşinqtonda səfərdə olan Ermənistan müdafiə naziri müavininin ABŞ ordusunun "Azərbaycan-Ermənistan sərhədində təhlükəasizliyi təmin edə biləcəyini" deməsi bir qədər gözlənilməz bəyanatdır: "Prinsip etibarı ilə, Ermənistan müdafiə nazirinin müavini hər kəsdən də çox gözəl bilir ki, İrəvanın Moskvadan asılılıq səviyyəsi necədir? Nəzərə alsaq ki, Rusiyanın Ermənistanda hərbi bazası var, belə olan vəziyyətdə Moskvanın adı çəkilmədən, ABŞ Silahlı Qüvvələrinin münaqişə regionuna gətirilməsilə bağlı fikirlər ilk baxışdan anlaşılmaz görünür. Amma düşünürəm ki, bu, bir siyasi oyunbazlıqdır. Əslində, bununla Ermənistan tərəfi guya özünün müstəqil, qərar qəbulunda sərbəst olduğunu ifadə etmək istəyib və ABŞ xeyirxah münasibətin ifadəçisi kimi bunu söyləyir. Hesab edin ki, bunun özü də razılaşdırılmış gedişdir. Hər bir halda Rusiyanın forpostu olan, bütün iqtisadiyyatı Moskvanın əlində olan, ərazisində onun hərbi bazasının yerləşdiyi, Kollektiv Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına üzv olan bir dövlətin şimal qonşudakı silahli qüvvələrin deyil, ABŞ Silahlı Qüvvələrini dəvət etməklə bağlı mövqeyi ancaq siyasi oyunbazlıq ola bilər. Hər kəs də gözəl bilir ki, bu, geyri-mümkün olan bir məsələdir. Rusiyanın iştirakı olmadan Ermənistanın belə bir təkliflə çıxış etməsi heç bir məntiqə söykənməyən məsələdir. Bu, Rusiya ilə razılaşdırılmamış gedişdirsə, onda həmin məsələ Ermənistan müdafiə naziri müavininin karyerasının sonu ola bilər. Ona görə də hesab edirəm ki, həmin fikir sadəcə olaraq, bir fon yaratmağa hesablanıb. Bununla görüntü yaratmaq istəyirlər ki, Erməniastanın guya belə bir mövqeyi də var. ABŞ-da Ermənistanın bütün daxili və xarici siyasətini gözəl bilir və onlar anlayır ki, Tonoyanın bu fikri sadəcə, Vaşinqton üçün ünvanlanmış gəlişi gözəl sözlərdir. Reallıqda isə həmin tiklifin həyata keçirilmə potensialı sıfıra bərabərdir. Rusiya faktoru nəzərə alınmadan Ermənistan bir addım da ata bilməz. Düşünürəm ki, Ermənistan müdafiə naziri müavini belə bir məsələni deyibsə, bu, sadəcə olaraq, Moskva və İrəvanda razılaşdırılmış bir yanaşmadır".

Politoloq Mais Gülalıyev qeyd etdi ki, Moskva heç zaman Ermənistanı əldən verməz: "Ermənistan müdafiə nazirinin müavininin yuxarına qeyd olunan açıqlaması heç də Rusiyanın İrəvanın arxasından çəkildiyini göstərmir. Ermənistan Rusiyanın forpostudur. Bu fonda da İrəvan Moskvanı qoyub, nə Avropa, nə də ABŞ-dan yapışmayacaq. Regionda Ermənistan Rusiya üçün dayaqdır. Moskvanın Cənubi Qafqazda böyük Yaxın Şərqə nəzarət etməsi üçün dayaq məntəqəsidir. Belədə görürük ki, Rusiya üçün Ermənistan çox mühüm ölkədir. Orta əsrlərdən bəri bu ərazidə Rusiya özü üçün dayaq nöqtəsi axtarmağa çalışıb və onu da ermənilərin şəxsində tapıb. Rusiya özü üçün strateji əhəmiyyət kəsb edən Ermənistanı heç zaman əldən verməz. İrəvanın Amerikada kömək axtarmasına gəldikdə, bu da erməni xislətindən doğan bir məsələdir. Ermənilər hər bir ölkədə özlərinə müttəfiq axtarmağa çalışır. Ancaq Rusiyanı onlar heç zaman ABŞ-la dəyişməz. Halbuki, ABŞ-da ermənilərin güclü diasporası var. Amma eyni zamanda, belə bir böyük diasporası Rusiyada da mövcuddur. Rusiyanın praktiki olaraq, bütün dövlət postlarında erməni diasporası ciddi şəkildə fəaliyyət göstərir".