Azərbaycanın baş prokuroru: “Gülər Əhmədova ilə bağlı başlanan cinayət işi prezidentin nəzarətindədir” - YENİLƏNİB
1 Oktyabr 2012 13:14 (UTC+04:00)
APA-nın məlumatına görə, bunu baş prokuror
Zakir Qaralov Elşad Abdullayev və Gülər Əhmədovanın videosu ilə
bağlı başlanan cinayət işinin istintaqından danışarkən
deyib.
Baş prokurorun sözlərinə görə, materiallarla bağlı müxtəlif
ekspertizalar təyin olunub: "Dünən əməkdaşlarımız Azərbaycan
Beynəlxalq Universitetinin binasında olublar. Həmin videoçəklişin
aparıldığı otağa baxış keçirilib. Bütün bu araşdırmalar başa
çatandan sonra aydın olacaq ki, həmin videoyazı hansı otaqda və
hansı məqsədlə aparılıb".
Baş prokuror deyib ki, G. Əhmədova özü istintaqın obyektiv
aparılması üçün deputat toxunulmazlığı hüququndan imtina edib: "O
da hesab edir ki, istintaqa yaxından kömək edəcək".
Z. Qaralov bildirib ki, Gülər Əhmədova ilə bağlı videomaterial
yayan Elşad Abdullayev Azərbaycana gəlməlidir: "İlk növbədə Elşad
Abdullayevlə Gülər Əhmədova üzləşdirilməli, cinayət işi bağlı Elşad
Abdullayevə müxtəlif suallar ünvanlanmalıdır. Bu suallardan biri
budur ki, Elşad Abdullayev hansı səbəbə görə bu görüntüləri 7 il
saxlayıb, yalnız Azərbaycanı tərk edəndən ictimaiyyətə açıqlayıb.
Əgər o korrupsiyaya qarşı mübarizə aparan şəxsdirsə, deputatlığa
namizədliyini verdiyi dövrdə ona qarşı olan əməlləri istintaq
orqanına bildirməli idi. Belə bir müraciət isə
olmayıb".