Yol təhlükəsizliyi və yol mədəniyyəti mövzusunda seminar təşkil olundu

7 Avqust 2015 14:10 (UTC+04:00)

06 avqust 2015-ci il tarixdə Füzuli rayon məcburi köçkün icmaları ilə yaxından iştirak edən dövlət və qeyri-hökumət təşkilatlarının fəal iştirakı ilə yol təhlükəsizliyi və yol mədəniyyəti mövzusunda seminar keçirildi. Seminar Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  "Həyat" Beynəlxalq Humanitar Təşkilatı tərəfindən icra olunan "Yol təhlükəsizliyinin və yol mədəniyyətinin artırılması istiqamətində tədbirlərin təşkili" layihəsi çərçivəsində keçirilmişdir. 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Azər Allahverənov bildirdi ki,  yol təhlükəsizliyinin təmin olunması və yol mədəniyyətinin artırılması, bu kimi proseslərə ictimaiyyətin geniş təbəqələrinin cəlb olunması yol qəzalarının qarşısının alınması istiqamətində mühüm fəaliyyətlərdəndir. Bu səpkidə keçirilən maarifləndirmə və məlumatlandırma isə həmin fəaliyyətlərin əsasını təşkil edir. Digər məruzəçi Qaçqın Qadın və Gənclər Mərkəzinin meneceri Zəminə Səfərova təşkilatın xətti ilə yol təhlükəsizliyi sahəsində həyata keçirilən layihələrdəki təcrübəsindən danışdı və xüsusilə qeyd etdi ki, yol qəzalarının bölgələrdə baş verməsi daha böyük faciəvi şəkil almaqdadır və təəssüf ki, həmin qəzaların böyük bir qismi insanların məlumatsızlığından baş verir. Məhz bu səbəbdən bölgələrdə yol hərəkəti qaydaları ilə bağlı geniş maarifləndirmə kampaniyaları daimi əsaslarla təşkil olunmalıdır.   

Jurnalist Könül Quliyeva qeyri-hökumət təşkilatlarının maarifləndirmə sahəsində icra etdikləri layihələrin vacibliyi və bu prosesdə "Həyat" təşkilatının fəal rolunu qeyd etdi. 

Füzuli rayon icra hakimiyyətinin nümayəndəsi Orxan Ağayev yol təhlükəsizliyinin təmin olunmasına xidmət edən məsələlərin ictimaiyyətləşdirilməsini və əhalinin daha geniş təbəqələrinin əhatə olunmasının həqiqətən vacib olduğunu bildirdi. 

Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva yol hərəkəti iştirakçıları arasında yol mədəniyyətinnin aşağı olmasından və üzləşdiyi hadisələr zamanı avtobus sürücülərinin, piyadaların, hətta sərnişinlərin belə qayda pozuntularına necə yol verdikləri barədə danışdı.

Binəqədi rayon YAP Gənclər Təşkilatının fəalı Xədicə Novruzzadə beynəlxalq təcrübəyə müraciət edərək xaricdə yol təhlükəsizliyinin təmin olunmasının və yol mədəniyyətinin yüksək səviyyədə olduğunu təsdiq edən nümunələrə müraciət etdi və Azərbaycanda həmin istiqamətdə uğurların əldə olunmasına xidmət edən tədbirlərdən danışdı.

Tədbir iştirakçılarının yekdil fikri ondan ibarət oldu ki, yol təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərin miqyasının artırılması, bu prosesə dövlət və ictimai qurumların daha geniş təbəqələrinin səfərbər edilməsi və əhalinin bütün kateqoriyalarının cəlb olunması bu istiqamətdə ciddi nailiyyətlərin əldə edilməsinə zəmin yaratmış olacaqdır.