Reseptsiz dərmanlarla gələn böyük təhlükə

8 Avqust 2015 07:00 (UTC+04:00)

Bu günlərdə Səhiyyə Nazirliyi dərman vasitələrinin reseptsiz satışını həyata keçirən 15 apteki cərimələyib, 11 həkimlə bağlı inzibati tədbirlər görüb.

Bu bir daha təsdiq edir ki, bir sıra aptek işçiləri səhlənkarlığa yol verərək, əhaliyə resept olmadan da dərman verir. Belə halın baş verməsində dərman almağa gələn pasiyentlərin də günahı vardır. Onlar anlamalıdırlar ki, həkim resepti olmadan alınan dərmanlar insanı sağaltmaq əvəzinə daha da pis duruma sala bilər.

Bu hallara qarşı mübarizə metodu kimi bir çox dünya ölkələri apteklərdə reseptsiz dərman satışına qadağa qoyub. Həkim terapevt Şəmsiyyə Namazova bildirdi ki, tibb aləmində reseptlərin yazılış və qəbulu qaydasını farmokalogiya elmi öyrədir: "Resept yazmaq da ancaq həkimin əlində olan bir sənətdir. Orta tibb işçisi və qeyri-tibb işçiləri bu resepti yaza bilməz. Çünki onun xüsusi yazılış qaydası var. Bəzən görürük ki, həkim adını daşıyan insanlar da reseptin yazılış qaydasını belə bilmir. Çünki, burada məlhəmlər, həblər bir cür yazılır, yəni, hər bir elementin yazılış forması vardır. Hər bir dərmanın bir neçə təsir mexanizmi olur. Yazılan bir dərmanın orqanizmdə 10-15 təsir mexanizmi var. Dərman yazılarkən də həmin təsirlərdən biri nəzərə alınaraq yazılır. Ola bilər, həmin simptomlardan biri dərman qəbulundan sonra əks göstəriş versin, alerrgik reaksiya, şok verə bilər. Xəstə reseptsiz aldığı dərmanı aşağı dozada aldıqda bu toksit təsirlərə rəvac verə bilər. Dərmanın qanda durum və orqanizmdən xaric olunma müddəti var. Həmçinin insan reseptsiz aldığı dərmanı aşağı və ya az dozada alıb qəbul edə bilər. Az dozada qəbul edilən dərmanın xəstəyə heç bir təsiri olmayacaq. Damar daxilinə vurulan dərmanları ümumiyyətlə, reseptsiz vermək qətiyyən düzgün deyil. Elə bir harmonik dərmanlar var ki, onun özbaşına alınıb dozaya əməl etmədən içilməsi də orqanizmdə fəsadlar yaradır. Bəzi dərmanlar var ki, onun qəbulu pasiyentin digər xəstəliyini kəskinləşdirir. Beli ağrayan insan "dekardenat" qrupundan hər hansı bir iynəni vurmaqla unudur ki, on iki barmaq bağırsaqda yara olan insanlara həmin dərman daha da ziyanlıdır. Çünki bu halda onda mədə qanaxması baş verə bilər. Yəni, dərmanlardan kor-koranə istifadə etmək, xəstələr üçün tamamilə əks göstərici vəziyyət yarada bilər. Ümumiyyətlə, heç bir dərman həkim resepti olmadan alınmamalıdır. Aptek işçilərinin də bu barədə məsləhət vermələri yolverilməzdir".

Həkim kardioloq Rasif Bağırovun fikrincə, apteklərə müvafiq nazirlik tərəfindən nəzarət gücləndirilməlidir ki, onlar da reseptsiz dərman verməkdən imtina etsinlər: "Xəstələr özlərində olan xəstəliyinin mahiyyətini adətən düzgün dərk etmədən gedib aptekdən müəyyən dərmanlar alır. Həkim resepti olmadan dərman alıb qəbul edilməsi nəticəsində xəstənin orqanizmində yaranan fəsadların sonradan aradan qaldırılmaması dərman zəhərlənməsinə gətirib çıxarır. Allergik reaksiyaların baş verməsinə səbəb olur. Orqanizmdə müxtəlif fəsad və çatışmamazlığın yaranma təhlükəsini artırır. Ona görə də dərmanlar ancaq müalicə həkiminin resepti əsasında verilməlidir. Bu dərmanlar da xəstəyə xüsusi reseptlərdə yazılmalıdır. Bir sıra hallarda bəzi həkimlər xəstəyə dərmanı adi kağız parçasında yazır. Bunun isə heç bir hüquqi əsası olmur. Belə olan halda xəstədə sonradan yaranan fəsadların nədən baş verdiyini pasiyentin sübut etməsi də çətinləşir. Ona görə də dərman preparatları ancaq həmin resept vasitəsilə buraxılmalıdır.

Reseptsiz dərman verilməsi halının birdəfəlik aradan qaldırılması üçün Səhiyyə Nazirliyi tərəfindən apteklər üzərinə ciddi nəzarətin olması vacibdir. Belə olarsa, apteklər də tədricən reseptsiz dərman verməkdən vaz keçməyə məcbur olacaq. Resepti adi kağıza yazan həkim də cəzadan kənarda qalmamalıdır. Belə addımlara yol verən həkim və apteklərin cəzalandırılması digər həkim və apteklərə müəyyən görk olar. Qanunsuz addımlar onların gələcək fəaliyyətinə problem yaratsa, apteklər hər şeyi qayda-qanunla etməyə məhkum olacaqlar".