Azərbaycanın Ermənistan üzərində böyük hərbi üstünlüyü

8 Avqust 2015 09:04 (UTC+04:00)

Düşmən ordusu təxribatlarında taktiki dəyişikliyi edir. Əvvəllər əsasən diversiya kəşfiyyat qruplarından yararlanmaq istəyən Ermənistan ordusu son zamanlar pilotsuz uçan aparatlardan istifadəni intensivləşdirib. Ancaq bu taktikaları da faydasız nəticlənir. Belə ki, avqustun 6-da Azərbaycan Müdafiə Nazirliyi Qarabağda, təmas xəttinin Ağdam istiqamətində Ermənistan ordusuna aid daha iki "Krunk-25" pilotsuz uçan aparatını məhv etdi. Bu, son il yarım ərzində düşmən ordusunun 7-ci pilotsuz uçan aparatıdır ki, hərbiçilərimiz tərəfindən zərərsizləşdirilir.

Ehtiyata buraxılmış polkovnik-leytenant Üzeyir Cəfərov bildirir ki, Qarabağda müharibənin yeni növü tətbiq olunur: "Görünən odur ki, ermənilər özlərinə çox da əziyyət vermək istəmirlər. Daha çox pilotsuz uçan aparatları işə cəlb ediblər. "Krunk-25" pilotsuz uçan aparatı əvvəlkilərdən bir qədər fərqlənir. Əvvəllər göndərdikləri çox primitiv aparatlar idi. Onlardan adətən yol polisi istifadə edir. Həmin aparatlar Azərbaycanın İsraillə birgə istehsal etdiyi Hermes 450", "Aerostar" və "Orbiter M" pilotsuz təyyarələrinin yanında çox cılız görünür. Əvvəla, bizim təyyarələr kifayət qədər tanınır. Ermənilərin istifadə etdiyi pilotsuz təyyarələr isə Rusiya və Çin istehsalıdır. Onlar Azərbaycan arsenalında olan radarlar tərəfindən çox asanlıqla aşkarlanırlar. Görünür, ermənilər çox narahatdırlar. Buna da səbəblər var. Müdafiə nazirinin tez-tez cəbhədə olması, gecə-gündüz keçirilən təlimlər Ermənistanı narahat etməyə bilməz. Vəziyyətdən çıxış yolu kimi pilotsuz kəşfiyyat təyyarələri göndərirlər. Bunula da real vəziyyəti görmək istəyirlər. Əvvəllər daha çox kəşfiyyat diversiye qruplarını göndərirdilər. Ancaq çox ciddi itkilərlə üzləşdirlər. Ona görə də indi oyuncaq tipli pilotsuz uçuş aparatlarını istifadə edirlər. Onların heç qiyməti də baha deyil. 3-4 min dollara əldə etmək mümkündür. Bu baxımdan Ermənistan ondan xeyli əldə edib. Amma "Krunt-25" aparatları əvvəlkilərə nisbətən bahalıdır. 5 km hündürlükdə, 5 saat havada qala bilirlər. Sürəti də yüksəkdir. Ermənistan bu vasitə ilə Azərbaycanın nəyə hazırlaşdığını guya nəzarətdə saxlamaq istəyir. Əslində, burada ciddi araşdırmaya ehtiyac yoxdur. Torpaqlarımız nə qədər işğal altındadırsa, müharibə ehtimalı həmişə var. Narahatçılıq o həddə çatıb ki, hərbi rəhbərliklərin cəbhəyə gəlməsi üçün qrafik təşkil ediblər. Ermənistan artıq hiss edir ki, Rusiya onu sona qədər müdafiə etməyəcək. Ermənistan narahatdır ki, Azərbaycan Avropa Oyunlarından sonra müharibəyə başlaya bilər. Çünki, cəmiyyətdə bu fikirlər tez-tez səslənir".

Hərbi məsələlər üzrə digər ekspert Tərlan Eyvazov isə hesab edir ki, ermənilərin pilotsuz aparatlarla aktivləşməsinin səbəbi siyasi məsələdir: "Ermənistan daxilindəki siyasi, iqtisadi uğursuzluqları cəbhədəki hadisələrlə kompensasiya etməyə çalışır. Digər tərəfdən, Ermənistan özünün istehsal etdiyi pilotsuz uçan aparatları ilə olduqca qürurlanırdı. Amma bunu onlar özləri istehsal etməyiblər. "Krunt-25" aparatları əsasən Rusiyanın verdiyi sxemlər əsasında qurulub. Son il yarım ərzində isə 7–ci aparatın vurulması Ermənistan silah sənayesinin uğursuzluğunu göstərir. Digər tərəfdən bu, bizim uğurumuz nəticəsidir. Ancaq bu günə qədər Ermənistan tərəfi Azərbaycanın bir pilotsuz uçaş aparatını vura bilməyib. Həmçinin Ermənistan həmin aparatlardan daxildəki mitinqlərdə istifadə edir. Halbuki, bu da beynəlxalq qanunverciliyə ziddir".