Kabel TV-nin tezlikləri mobil operatorlara veriləcək

9 Avqust 2015 11:30 (UTC+04:00)

Azərbaycanın kabel televiziyasının operatorları "B&BTV Communications" və "ATVPlus"un tezlikləri mobil rabitə operatorlarına veriləcək. Movqe.az xəbər verir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.


Onun sözlərinə görə, kabel TV-nin operatorları rəqəmsal televiziyanın kommersiya paketinin əhatəsinin genişləndirilməsi üçün lazım olan digər tezlik diapazonunu əldə edə bildikdən sonra öz tezliklərini azad etməyə hazırdırlar.


Kabel operatorları bu tezlikləri analoq yayımı dayandırıldıqdan sonra əldə edə bilərlər. Söhbət 700-900 meqahers tezlik diapazonlarından gedir. Bu tezlik diapazonları DVB-T rəqəmsal standartın genişləndirilməsi üçün tələb olunur.


Mənbə qeyd edib ki, analoq yayımının dayandırılması barədə qərar Milli Televiziya və Radio Şurası səviyyəsində qəbul edilməlidir: "Bu məsələ avqustun sonunda aktuallıq qazana, "B&BTV Communications" və "AtvPlus" hazırda istifadə etdikləri tezlikləri isə mobil rabitə operartorlarına verilə bilər".