“Mərhum jurnalistin peşə hazırlığı yetərli deyildi” - Deputat qınadı
10 Avqust 2015 12:23 (UTC+04:00)
Millət vəkili Fazil Mustafa jurnalist Rasim
Əliyevin ölümünə münasibət bildirib.
Movqe.az xəbər verir ki, F.Mustafa baş verən cinayəti ağır hadisə
kimi qiymətləndirib: "Hüququn yerinə fiziki güclə
məsələni çözürlər. Bir statusa görə jurnalisti öldürmək, bir xoşa
gəlməyən cavaba görə dostunu, qadınını, ərini, yaxınlarını,
çevrədəki insanları qətlə yetirməyin ənənəyə çevrildiyi bir
cəmiyyətin gəlib çıxdığı real nəticədir".
F.Mustafa öldürülən jurnalistin yaxınlarına başsağlığı verib:
"Bu hadisə ilə əlaqədar başqa bir neçə detala
soyuqqanlı diqqət yetirməliyik: ölkəni xaricdə təmsil edən əksər
futbolçular kimi, bu futbolçunun da təhsili və dünyagörüşü aşağıdı,
bunu da yanlış jestlərlə, jurnalistlərin suallarına cavablarla
büruzə verir. Kiprli jurnalist soruşur ki, "niyə türk bayrağını
qaldırdın", cavab verir ki, "türklər mənim dostumdur" "Biz də
türkük" demək nə qədər ciddi hazırlıq tələb edir? Mərhum
jurnalistin peşə hazırlığı yetərli deyildi, birbaşa gənc futbolçunu
əxlaqsız və tərbiyəsiz adlandırır, halbuki dilin imkanları
yetərincədir ki, söyləmək istədiyi ən sərt fikri belə daha mədəni
üslubda və dolayı formada ifadə etsin. Futbolçunun bu hadisəyə
qarışan qohumlarının təəssübkeşlik duyğusu da insan həyatına
sayğıdan xeyli yuxarıdadır".
Millət vəkili hesab edir ki, ən acınacaqlısı isə ədalətin məhkəmə
yolu ilə bərpa olunmasına inamın gündəmdən çıxmasıdır və insanlar
öz "qanunları ilə" bir-birini susdurmağa cəhd edirlər: "Qısacası, bu aqressivliyin azalmasını, insanların hüquqa,
bir-birinin haqqına hörmət etməsini istədiyimiz cəmiyyətdə
futbolçusu da, jurnalisti də, siyasətçisi də, sahibkarı da, polisi
də, müəllimi də, oğrusu da, müğənnisi də lazımi təhsil almalıdır,
sağlam dünyagörüşə sahib olmalıdır. Unutmayaq ki, ötən aylarda bir
müğənni də apardığı "razborka"nı rahatlıqla videoya çəkmişdi,
məmur-sahibkar övladları yol polisini hansı səviyyədə təhqir
etmişdi. Hüquq ədalətli şəkildə insanlara toxunmayanda, insanlar
bir-birinin hüququna bu kimi aqressiv formalarda toxunacaqlar. Yəni
hər kəs öz imtiyazı səviyyəsində hüququn üzərinə çıxanda hüququn
beli bükülmüş qalacaqdır. Linç etmeklə problem çözülmür, bundan
sonrakıları tərbiyələndirmək və hər kəsin ən azı özünə hörmət
qazanmaq səviyyəsində tərbiyə sahibi olmasına ehtiyac
var".
Xatırladaq ki, jurnalist Rasim Əliyev "Qəbələ" futbol komandasının
oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən hədələndiyini və
döyüldüyünü iddia edib. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasında
cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə
köçürülüb və avqustun 9-da orada vəfat edib. Sosial mediada verilən
məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid
Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini "Facebook"
səhifəsində tənqid etməsi göstərilib.