Hikmət Hacıyev: "Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlı əsir və girovların olmadığını deyən rəsmi Yerevan öz yalanlarını ifşa edir"

10 Avqust 2015 13:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi və digər dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə əsi r və itkin düşmüş, girov götürülmüş şəxslərin işi üzrə keçirilən tədbirdə səslənən fikirlərlə bağlı deyib. Onun sözlərinə görə, 2014-cü ilin sonunda prezidentlərin Paris görüşündə əsir və itkin düşmüş və girov götürülmüş şəxslərin işi üzrə münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə məlumat mübadiləsi və əməkdaşlıq təklif olunub: "Ermənistanın təcavüz və işğalı nəticəsində 4000-dən artıq vətəndaşı itkin düşmüş hesab olunan Azərbaycan tərəfi humanist məram daşıyan bu təklifə hazırlığını ifadə edib. Şahidlərin ifadələri və əməliyyat-istintaq materialları əsasında Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılar, o cümlədən mülki şəxslərin ən qəddar işgəncələrə məruz qoyulduqları, kütləvi şəkildə öldürüldükləri və kütləvi məzarlıqlarda basdırıldıqları faktları sənədləşdirilib. Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə azərbaycanlı əsir və girovların olmadığı barəsində absurd fikirlə çıxış edən rəsmi Yerevan əslində öz yalanlarını ifşa edir. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov kimi qanunsuz saxlanmaları buna əyani sübutdur".

Hikmət Hacıyev qeyd edib ki, "institusional yaddaş zəifliyi"ndən əziyyət çəkən Ermənistan tərəfinə 90-cı illərin sonu və 2000-ci illərin əvvəlində Ermənistanın özü tərəfindən də əsir və girovluqda olduğu təsdiq olunmuş və sonradan barələrində heç bir məlumat verilməmiş şəxsləri xatırlatmaq kifayətdir: "Hesab edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təzyiqi və Beynəlxalq Qızıl Xaç Komitəsinin təsiri nəticəsində girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməli və Ermənistan ərazisində və işğal edilmiş ərazilərdə olan kütləvi məzarlıqlar açılmalı və insan qalıqları əsasında DNT məlumat bazası yaradılmalıdır. Nəticədə, DNT analiz vasitəsilə itkin düşmüş şəxslərin taleləri müəyyənləşdirilə və 20 ildən artıq öz yaxınları haqqında xəbər gözləyən ailələrə məlumat verilə bilərdi. Ermənistan tərəfinin yürütdüyü qeyri-insani siyasətinin nəticəsidir ki, hər biri fərdi əsasda tədqiq edilməli olan bu faktlar araşdırıla bilinmir və öz beynəlxalq hüquqi məsuliyyətini dərk edən Ermənistan müxtəlif bəhanələrlə prosesə maneə olmağa çalışır".

Bu əməllərə görə Ermənistanın hüquqi məsuliyyətinə aydınlıq gətirən H.Hacıyev bildirib ki, Ermənistanın hüquqi məsuliyyəti dedikdə burada bu cinayət əməllərini həyata keçirmiş və ya bu barədə əmrlər vermiş Ermənistanın hərbi və mülki vəzifəli şəxslərinin və dövlət olaraq, Ermənistanın məsuliyyəti vardır: "İkrah doğuran hal odur ki, hələ də bu şəxslər Ermənistanın siyasi, hərbi idarəçiliyində və hüquq-mühafizə orqanlarında yüksək vəzifələr tuturlar. Bu əməlləri törətməklə, Ermənistan tərəfindən bir dövlət olaraq, Cenevrə konvensiyaları, mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt, iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya, bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə konvensiya, işgəncələr əleyhinə konvensiya və silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və digər beynəlxalq sənədlər üzrə öz üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulub. Beynəlxalq hüquqi mexanizmlərdən istifadə edərək, Azərbaycan tərəfi bu əməlləri törətmiş Ermənistanın hərbi və mülki vəzifəli şəxsləri və Ermənistanın dövlətinin məsuliyyətinin müəyyən olunması istiqamətində fəaliyyətini davam etdirir".