`Xalqımız birlik nümayiş etdirdi` - İlham Əliyev

10 Avqust 2015 18:00 (UTC+04:00)

Prezident İlham Əliyev Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Movqe.az-ın verdiyi məlumata görə, səfir Nikolay Patskeviç ilk növbədə birinci Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili və idmançılarımızın əldə etdiyi böyük uğurlar münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. O, birinci Avropa Oyunlarına hazırlıq və Oyunların keçirilməsi işlərində Azərbaycan xalqının vahid bir komanda kimi çıxış etməsini xüsusilə vurğulayaraq deyib ki, Azərbaycan bu tədbirin belə səviyyədə keçirilməsi ilə bir daha özünü bütün dünyaya müasir, müstəqil və inkişaf edən bir ölkə kimi nümayiş etdirdi.

Birinci Avropa Oyunları ilə bağlı deyilən xoş sözlərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev həqiqətən də bu Oyunların təşkili və keçirilməsində xalqımızın birlik nümayiş etdirdiyini deyərək iki milyondan artıq insanın məşəlin gətirilməsi mərasimlərində iştirak etməsini bunun yaxşı göstəricisi kimi dəyərləndirib. Bundan başqa ölkə başçısı birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini müstəqillik dövründə həm miqyas, həm də milli ruhun yüksək olması baxımından ən böyük hadisələrdən biri kimi qiymətləndirib.

Səfir Nikolay Patskeviç Belarus-Azərbaycan münasibətlərinə toxunaraq bu münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan səfir ölkələrimizin beynəlxalq səviyyədə də sıx əməkdaşlıq etdiyini bildirdi və Belarus ilə Azərbaycan arasında mövcud olan qarşılıqlı hörmət və səmimi münasibətlərin xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Nikolay Patskeviçin səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib, eyni zamanda əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı dövlət başçıları tərəfindən müəyyən edilmiş vəzifələrin uğurla həyata keçirilməsindən məmnunluğunu bildirdi. İkitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyi ifadə edən Prezident İlham Əliyev Nikolay Patskeviçə gələcək fəaliyyətində uğurlar arzuladı.