Çin malları dəyərdən düşəcək

12 Avqust 2015 09:00 (UTC+04:00)

Çin, ixracının 8,3% aşağı düşməsindən sonra yuanın devalvasiyası haqqında qərar qəbul edib. Çin Mərkəzi Bankı yuanın məzənnəsini 1,9% aşağı salıb. Bu da son 20 ildə ən böyük gündəlik devalvasiya hesab olunur. İqtisadçılar bu addımın ixracatçılara yardım etmək məqsədilə atıldığını deyir. Bu fonda dünyada Çin məhsullarının ucuzlaşacağı proqnozlaşdırılır.

Azərbaycan da Çin məhsullarının idxalçılarındandır. Ancaq iqtiasdçılar Çin milli valyutasının ucuzlaşmasının Dövlət Neft Fondunun aktivlərinə mənfi təsir edəcəyini deyirlər. Nəzərə alaq ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) diversifikasiya məqsədi ilə valyuta strukturunda dəyişiklik edib, Çin yuanına investisiya qoyub. 2015-ci il iyulun 1-dən ümumi məbləği 3 milyard yuan olmaqla ilk investisiya qoyuluşuna başlanılıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı Vüqar Baramov məsələ ilə bağlı ilk olaraq onu bildirdi ki, Çin iqtisadiyyatının liberallaşması ilə bağlı yarım il əvvəl qəbul edilmiş qərar artıq proseslərə təsir etməkdədir: "Bu, özünü praktiki olaraq, səhm bazarında göstərdi. Ötən il Çin səhm bazarına ABŞ sahibkarlarının kifayət qədər investisiya yönəltməsindən sonra bəlli oldu ki, ABŞ sahibkarlarının bazara daxil olması daha çox spekulyativ xarakter daşıyır. Səhmlərin qiymətlərinin süni şəkildə artdı və sonradan qiymətin yüksək olduğu vaxtda səhmləri sataraq bazarı tərk etdilər. Bu da Çin iqtisadiyyatı üçün ciddi problemlər yaratdı. Nəzərə alaq ki, səhm bazarında 25% azalma qeyd olundu. Həmin itkini kompensasiya etmək üçün Çin ixracatı artırmağa çalışır. Bunun üçün də ixrac edilən Çin məhsulların ucuzlaşması qaçılmazdır. Bu, ölkəmizə idxal edilən məhsullarda da müşahidə ediləcək. Çin məhsullarının ucuzlaşması yuanın devalvasiyası deməkdir. Devalvasiya Çin ixracatına müəyyən qədər təsir edəcək. Amma Çin səhm bazarındakı problemlər fonunda hələlik ixcatanın ciddi artacağı proqnozlaşdırılımır. Çünki, səhmlərin qiymətinin azalması Çin iqtisadiyyatına mənfi təsir göstərib. Güman edilir ki, ilin ikinci yarısında Çin üçün heç də yaxşı olmayacaq. Hətta ixracatda müəyyən durğunluğun baş verməsi müşahidə ediləcək".

Ekspert əlavə etdi ki, yuanın dəyərdən düşməsi Azərbaycanın yuana investisiya etdiyi vəsaitin də dəyərsizləşməsinə gətirib çıxaracaq: "Güman edilir ki, yuanın dəyərində azalma davam edərsə, bu, Neft Fondunun gəlirlərinin azalmasına və yuanla saxlanan vəsaitlərin azalmasına gətirib çıxaracaq".

Digər iqtisadçı Yusif Vəliyev bildirdi ki, artıq Çindən ixrac olunan məhsulların həcmində kəskin azalma müahidə edilir: "Eyni zamanda idxal məhsullarında da azalma qeydə alınır. Çin hökuməti iqtisadiyyatı dirçəltmək üçün yeni layihə hazırlayır. Çin yuanı ucuzlaşır. Amma hazırda ölkəmizə gələn Çin məhsullarının qiymətinin düşməsi gözlənilmir. Çünki, Çin yuanı ucuzlaşırsa, Azərbaycan milli valyutasının da dollar qarşısında devalvasiya oldu. Nəzər alaq ki, idxal edilənlərdən əsasən, texnologiya məhsulları Çin məhsullarıdır. Onların isə artıq 4 aydır bahalaşdığını müşahidə edirik. Amma DNF-nun 3 milyard yuanlıq investisiyası ciddi təhlükədə qarşısında olmasa da, müəyyən itki müşahidə oluna bilər".

Hələlik Çin ixrac qabiliyyətini saxlamaq üçün pulunu ucuzlaşdırıb. Bununla "valyuta müharibəsi"nin yenidən qızışması gözlənir. Çünki, hazırda əksər ölkələr böhrandan yaranmış iqtisadi problemlərini həll etmək üçün milli valyutalarını süni şəkildə ucuzlaşdırır və bu məzənnədən bir alət kimi istifadə edirlər.