Qızıl-zinət əşyalarına maraq «ölüb»

12 Avqust 2015 10:00 (UTC+04:00)

Daim qızıl, zinnət əşyaları satışında aktivliyin hökm sürdüyü Azərbaycan bazarında hazırda bir süstlük müşahidə edilir. Belə ki, son aylar Azərbaycana xaricdən qızıl, zinət əşyalarının idxalında kəskin azalmalar var. Görəsən, yaranmış bu vəziyyət nədən qaynaqlanır? Mövcud proses daxili bazarda zinət əşyalarının qiymətinə nə vəd edir?

İqtisadçı-ekspert Natiq Cəfərli qızıl idxalının ciddi azalmasını ilk növbədə alıcılıq qabiliyyətinin aşağı düşməsində axtarmağı lazım bildi: "Dünya bazarında qızılın qiymətinin enməsindən sonra gözləmək olardı ki, bazarda bir canlanma müşahidə edilsin. Çünki, Azərbaycanın qızıl və zinət əşyaları bazarı xariclə çox əlaqəlidir. Hətta bu istiqamətdə müəyyən qiymət enmələri də müşahidə olundu. Amma görünən odur ki, alıcılıq qabiliyyəti aşağı düşdüyündən və əhali əlində olan vəsaitin xeyli hissəsini xarici valyuta ilə saxlamağa üstünlük verdiyindən, qızıla bir yatırım kimi baxmamağa başlayıb.

Avtomobil, hətta mobil telefon bazarında da anoloji azalma tendensiyası müşahidə olunur. Təbii ki, satış azalanda xaricdən növbəti partiya malların gəlməsinə də bir ehtiyac qalmır. Bu işlə məşğul olanlar əllərində olan malların satılmasına çalışır, nəinki xaricdən yeni mal sifariş etməyə. Ona görə də yaşanan durğunluq xeyli dərəcədə bununla da bağlıdır. Digər tərəfdən, əhali indilikdə gözləmə mövqeyi tutmağa üstünlük verib. Hətta hər hansı bir əşyanı almaq istəyənlər də gözləyir ki, bir müddət sonra qiymətlər yenidən düşsün".

İqtisadçı ekspert Rəşad Həsənov qızıl idxalının sıfıra düşməsinin 3 başlıca səbəblə bağlı olduğunu düşünür: "Qızıl-zinət əşyaları idxalının azalması müxtəlif səbəblərlə əlaqəlidir. Azərbaycanda bildiyiniz kimi qızıl-zinət əşyaları məişət üçün istifadə edilən kateqoriyadan olan alqı-satqı predmetidir. Məhz bu səbəbdən hazırkı situasiyada daxili tələbatın aşağı düşməsilə bağlı olaraq biznesmenlər əllərində olan bu məhsulu satmaqda çətinlik çəkir. Ona görə də yeni məhsul alışında maraqlı deyillər. İkinci bir səbəb isə dünya bazarında qızılın qiymətinin kəskin ucuzlaşması ilə bağlıdır. Azərbaycanda da bu istiqamətdə qiymətlərdə ucuzlaşma tendensiyası var, amma hələlik bu proses dünya bazarında olan ucuzlaşma tempinə uyğun olmadığından alıcılar artıq gözləmə mövqeyi seçib. Ona görə də daxili bazarda qızıl alışının həcmi kifayət qədər aşağı enib. Bu səbəblərdən də hazırda ölkəyə qızıl idxalının həcmi kifayət qədər azalıb. Üçüncü bir səbəb isə odur ki, ümumiyyətlə, yay dövründə iqtisadi aktivlik aşağı düşür. Belədə digər sahəlrdə olduğu kimi, qızıl-zinət əşyaları idxalı istiqamətində də kəskin azalmalar müşahidə olunmaqdadır. Bu kimi səbəblər üzündən nəticə olaraq hazırda ölkəyə idxal olunan qızılın həcmində ciddi azalma olduğunu görürük".