Qərbdə yenə ikili standartlar işə salınır

12 Avqust 2015 10:45 (UTC+04:00)

Son zamanlar müəyyən beynəlxalq qeyri-hökumət təşkilatları, Qərbdə bəzi dairələr Azərbaycana qarşı qarayaxma kampaniyasına yenidən start veriblər. Onlar konkret cinayət əməlllərində təqsirkar bilinərək məhkəməsi keçirilən bəzi insanların dərhal azadlığa buraxılmasını tələb edirlər. Leyla Yunus və Xədicə İsmayılova ilə bağlı keçirilən məhkəmə ilə əlaqədar səslənən fikirlər də qeyd olunanların təsdiqi sayıla bilər.

Bu fonda bəzi Qərb səfirliklərinin təmsilçiləri adları çəkilən şəxslərin məhkəməsində də fəal iştirakçılardandır. Amma həmin dairələr bir dəfə də olsun qaçqın və məcburi köçkünlərin taleyilə maraqlanmayıb. Artıq 25 ildən çoxdur ki, 1 milyon Azərbaycan sakini məcburi köçkün və qaçqın vəziyyətindədir. Qərb dairələri nədənsə öz nümayəndələrini qaçqın və məcburi köçkünlərin yanına göndərmir, erməni işğalından əziyyət çəkən insanlarla qətiyyən maraqlanmırlar. Onların hüquqlarının pozulmasını görməzlikdən gəlirlər.

Yurddaş Partiyasının sədri Mais Səfərli düşünür ki, Qərbdə bəzi dairələrin ölkəmizə qarşı yürütdüyü ayrı-seçkilik siyasəti onların Azərbaycanı öz təsirləri altında saxlamaq niyyətindən qaynaqlanır: "Qərb və onun əlaltısı olan beynəlxalq qurumlar bu gün Azərbaycana demokratiya pərdəsi adı altında təzyiq etmək, ölkəmizi özlərinə tabe etdirmək məqsədi güdür. Azərbaycan müstəqil siyasət aparır. Azərbaycan Prezidenti Azərbaycanın milli və dövlət maraqlarına uyğun xarici və daxili siyasət yürüdür. Bu da təbii ki, Qərbdəki ölkəmizi istəməyən qüvvələrin xoşuna gəlmir. Onlar istəyir ki, Azərbaycan birmənalı olaraq, Qərbə bağlansın, Rusiya ilə soyuq münasibətlərdə olsun, belədə də həmin vəziyyətdən Moskvaya qarşı bir vasitə olaraq istifadə etsinlər. Lakin belə bir gerçəklik təbii ki, ölkəmizin milli maraqlarına ziddir.

Azərbaycan Prezidenti balanslaşdırılmış siyasət aparır. Hər bir dövlətlə ikitərəfli əməkdaşlığa daha çox üstünlük verir. Bunun bəhrəsini Azərbaycan görür, eyni zamanda əməkdaşlıq etdiyimiz dövlətlər də bunun bəhrəsini görməkdədirlər. Amma Qərbdə müəyyən dövlətləri çalışır ki, Azərbaycan onların orbitində, təzyiq və basqısı altında olsun. Belədə də Azərbaycandan istədikərini almaq niyyətindədirlər. Onlar çalışır ki, Azərbaycanın yeraltı, yerüstü sərvətlərini ucuz qiymətə Avropaya daşısın, bu xüsusda da ölkəmizi bir dövlət olaraq özlərindən asılı etsinlər. Təbii ki, Azərbaycan Prezidenti də müstəqil siyasət aparmaqla buna yol vermir. Bu isə onları qıcıqlandırır. Qərbdəki bəzi dairələrin Leyla Yunus və Xədicə İsmayılovanın məhkəməsinə xüsusi diqqət ayırmaları, amma qaçqın və məcburi köçkünlərin taleyilə ümumiyyətlə, maraqlanmamalarının kökündə məhz bu amil dayanır. Qərb üçün insan haqları belə dəyərlidirsə, öz ata-baba torpaqlarının qəbirlərini ziyarət etmək üçün Kəlbəcərə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə niyə biganədirlər? Niyə onların azad olunmasını tələb etmirlər? Bu hal Qərbin cinayətkaranə şəkildə ikili standart nümayiş etdirməsidir. İnsanlığa qarşı belə münasibət bəsləmək Qərb dövlətlərinin özləri üçün ziyanlı, bayraq etdikləri prinsiplərə ziddir. Lakin görürük ki, onlar özlərinə lazım olanda hansısa bir məsələni gündəmə gətirir, lazım olmayanda, özlərinə sərf etməyndə isə üstündən heç nə olmamış kimi keçirlər. Bu cür ikili standartlar son nəticədə Qərbin özünün dağılmasına gətirib çıxaracaq. Onların milli-mənəvi prinsiplər üzərində dayandığı dəyərlər bu kimi ikili standartlarla artıq çürüməyə başlayıb. Bu da son olaraq Qərbin özünü məhvə aparacaq".

Millət vəkili Elman Məmmədov isə Qərbin qaçqın və məcburi köçkünlərin taleyilə maraqlanmadığı halda, L. Yunus və X. İsmayılovanın məhkəmələrinə xüsusi diqqət yetirməsini onların ölkəmizə qarşı apardıqları qərəzli siyasətilə əlaqələndirdi: "Bildiyiniz kimi, Qərbin bölgəmizdə xüsusi maraqları var. Bu maraqlardan biri də ondan ibarətdir ki, Azərbaycanı öz təsir dairəsinə salsınlar. Qərb uzun zamandır çalışır ki, Azərbaycana təzyiq göstərsin. Bu prosesdə də onlar Leyla Yunus, Xədicə İsmayılova kimilərindən istifadə edirlər. Onların fəaliyyəti büsbütün Azərbaycan əleyhinə yönəlib. Ona görə də indi məhkəməyə cəlb olunublar. Bu isə Qərbdəki bir çox qurumları qıcıqlandırır. Çünki, onlar həmin məhkəmə proseslərinin gedişində özlərinin də iç üzlərinin açılacağından ehtiyatlanırlar. Bu səbəbdən də adıçəkilən şəxslərin azadlığa buraxılmasını tələb edir, onların məhkəmə prosesini daim diqqətdə saxlayırlar. Bununla bir növ Azərbaycan məhkəmələrinə təsir edə biləcəklərini düşünürlər. Bunun müqabilində 1 milyondan artıq məcburi köçkün və qaçqının taleyi ilə isə demək olar ki, maraqlanmırlar. Bu da onların Azərbaycana qarşı qərəzli mövqe sərgiləməklərindən irəli gəlir. Onlar çalışırlar ki, Azərbaycanı təzyiq altında saxlasınlar. Bunun üçün də ölkəmizə münasibətdə belə qərəzlidirlər. Lakin unudurlar ki, Azərbaycanda onların bu çirkin niyyətləri baş tutmayacaq. Çünki, Azərbaycanda xalq Prezidentin arxasında möhkəm dayanıb. Prezident də daim xalqın maraqları uğrunda çalışır və öz fəaliyyətilə buna nail də olub".