"Barcelona" kimi klublara qarşı mübarizə aparmağa hazır olmaq lazımdır"

12 Avqust 2015 13:48 (UTC+04:00)

Tarixində 4-cü dəfə Avropa superkuboku uğrunda matça çıxan "Sevilla" 3-cü dəfə məğlub olub. Andalusia təmsilçisi 9 il öncə 3 cavabsız qolla qalib gəldiyi "Barcelona" ilə revanşdan məğlub ayrılıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "Sevilla"nın baş məşqçisi Unay Emeri sona qədər vuruşduqlarını qeyd edib.

"Hesab 4:1 olandan sonra ümidimizi, demək olar ki, itirmişdik. Amma bütün oyun boyu qələbə əzmi ilə mübarizə apardıq. Reyesin qolundan sonra xilas olmağa ümid yarandı. Mənim vəzifəm yorğun futbolçulara kömək edib bizim fəaliyyət diapazonumuzu artıran oyunçuları meydana buraxmaq idi. Mübarizə əzmi ilə əlavə vaxta çıxmışdıq. Komandam yorulduğu bir vaxtda "Barcelona" standart vəziyyətdən yaxşı istifadə etdi. Təəssüf ki, bundan sonra 3 real qol vəziyyətini boşa verdik. "Sevilla"nı necə görmək istədiyimizi dəqiq bilirik. Avropa Superkuboku və ya Çempionlar Liqasında oynamaq istəyirsənsə, "Barcelona" kimi klublara qarşı mübarizə aparmağa hazır olmalısan. Bu gün sona qədər döyüşsək də, meydandan məğlub ayrıldıq. Böyük həvəs və optimizmlə növbəti sınaqları gözləyirik. Lionel Messini də təbrik etmək istəyirəm. Onun ən yüksək səviyyədə oynamaq bacarığı və "Barcelona"nın stabilliyi sayəsində onlar xeyli titul qazanıb. Messinin uğurlarının arxasında komanda işi durur. Hər kəs öz tapşırığını yerinə yetirir və Messinin nəticə verməsinə kömək edir. Onu növbəti oyunda dayandıra biləcəyik? Çalışarıq".