Lombardlarda faiz soyğunçuluğu

13 Avqust 2015 09:00 (UTC+04:00)

Maliyyə bazarında son vəziyyətin təhlili burada lombardların fəaliyyətinin hələ də genişlənməkdə olduğunu üzə çıxarır. Hər halda bu qurumların sayının dinamik şəkildə artması da qeyd edilənləri təsdiqləyir. Hazırda lombardlardan kredit götürmək daha asandır və banklara çoxsaylı sənədlər, zamin təqdim etməkdə çətinlik çəkən müştərilər üçün ən yaxşı seçim məhz lombardlardır. Hətta faizlər yüksək olsa belə.

Qeyd edək ki, lombardlar kredit verərkən iş yerindən arayış tələb etmədiyindən, bu, vətəndaşların kredit götürməklə bağlı işlərini daha yüngülləşdirir və onlar kredit faizlərinin yüksək olmasına o qədər də əhəmiyyət vermirlər. Bu amillər vətəndaşların lombarddan daha çox istifadə etməsinə şərait yaradır. Qeyd olunan kontestdə isə son dövrlərdə yüksək faizlə borc verən lombardların bazarı genişlənir.

Hesablamalara görə, 2011-ci ildə Azərbaycanda təxminən 600 lombard fəaliyyət göstərirdisə, ötən ildən onların sayı 2 dəfə artaraq 1200-ə çatıb. Mərkəzi Bank və ya Maliyyə Nazirliyi qarşısında heç bir məsuliyyət daşımayan bu qurumların çoxalmasının isə müxtəlif səbəbləri var. Yuxarıda qeyd olunduğu kimi əsas səbəb banklarla müqayisədə lombardlardan kredit götürmək daha asandır və vaxt tələb etmir. Amma buraadgirovların qiymətləndirilməsi problemi var. Belə ki, götürülən məbləğin ən azı ikiqat dəyərində girov qoyulması az qala bütün lombardlarda əsas şərtlərdəndir. Məsələn, 1000 manat borc qarşılığında 2000 manat zinət əşyası qəbul edilir. Halbuki, girovu qiymətləndirən müstəqil tərəf olmalıdır, nə lombardın, nə də müştərinin maraqlarını güdməməlidir və real qiymət təyin etməlidir. Amma bir qayda olaraq girova qiyməti lombarda yaxın adam qoyur. Bu zaman əsasən qızıl-zinət əşyaları olan girova bazar qiymətindən aşağı qiymət qoyulur, digər tərəfdən də kredit müəyyən olunan qiymətdən az olur. Bu baxımdan lombardda istehlakçıların hüquqlarının tapdanması hallarına yol verilir. Özü də lombard faizləri çox yüksək olur. Məsələn, əgər bankın istehlak krediti üzrə faizlər 25%-36% təşkil edirsə, adi lombard şirkətlərində isə illik faiz dərəcəsi 50-60% olur. Bundan əlavə, banklarda faiz dərəcələri üzrə həyata keçirilən ödənişlər borcun ümumi məbləğindən çıxılırsa, lombardlarda əsas borcun məbləği dəyişməz olaraq qalır. Sadəcə, kredit götürmək üçün şərtlərin yüngül olması lombardlara müraciət edənlərin sayının artması ilə müşayiət olunur.

İqtisadçı-ekspert Vüqar Bayramov məsələ ilə bağlı bildirir: "Lombardlar borc verirlər, vətəndaşlar isə bundan faydalanırlar. İlk baxışdan burada elə də problem olmasa da, məsələ heç də göründüyü kimi sadə deyil. Əvvəla, banklardakı kredit böhranı lombardların təklif etdiyi borclar üzrə faizləri artırmasına gətirib çıxarıb. Səbəb da sadədir: kütləvi kredit təklif edən bank yoxdur, tələb isə yüksək olaraq qalmaqdadır. Lombardlar bu tələbdən yararlanmağa çalışırlar. Əbəs deyil ki, lombardların aylıq faiz dərəcələrində 1.5 faiz artım var. Belə ki, borclar üzrə faiz dərəcələri illik olaraq 40 faizdən artıqdır".

Onun sözlərinə görə, lombardlarda girovun qiymətləndirilməsi mexanizmi də yoxdur: "Bu xidmət 3000 manatlıq kredit təklif edən zamanı ən azı 5000 manatlıq qızıl-zinət əşyalarını girov kimi tələb edir. Yəni yüksək faizlə verilən pul girovun təxminən yarısı dəyərində olur. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risk faktoru yüksəkdir. Götürdüyü pulu və ya onun yüksək faizlərini geri qaytara bilmədikdə vətəndaş bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirilənən girovundan da olur". Onu da nəzərə almaq lazımdır ki, lombardlar Mərkəzi Bank və ya Maliyyə Nazirliyi qarşısında heç bir məsuliyyət daşımır. Bu səbəbdən yaranmış vəziyyətdə istehlakçıların hüquqlarının pozulması məsələsi ortaya çıxır. Qeyd edək ki, bir sıra ölkələrdə lombardların fəaliyyətini tənzimləyən ayrıca bir qanun olur. Azərbaycanda da lombard fəaliyyəti haqqında qanunun qəbulu artıq vacib sayılır. Çünki məhz belə bir qanun əsasında lombardların fəaliyyətinə nəzarət gücləndirilə bilər.

Hələlik isə yuxarıda qeyd olunanlar göstərir ki, bank sektorundakı son dəyişikliklərdən daha çox faydalananlardan biri lombardlardır. Ekspertlər artıq bu bazarın da tənzimlənməsini vacib sayır.