Cəbhədə daha ağır silahlar işə düşür

13 Avqust 2015 10:30 (UTC+04:00)

İşğalçi Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud status-kvonu saxlamağa cəhd etməklə yanaşı, eyni zamanda atəşkəsi də pozmaqda davam edir. Son dövrlər isə ermənilər atəşkəsi pozarkən dana çox minaatanlardan istifadə etməyə başlayıb. Bu isə atəşkəsin pozulması zamanı daha ağır silahların işə düşdüyünü göstərir. Görəsən, bu gedişlə cəbhə bölgəsində daha ağır silahların, digər artilleriya növlərinin işə düşməsi mümkündürmü? Bu baş verərsə, cəbhədəki ümumi vəziyyətə necə təsir edəcək?

Hərbçi-ekspert Üzeyir Cəfərov ermənilərin cəbhə bölgəsində minaatanlardan daha çox istifadə etməsi fonunda belə, bu gedişlə daha ağır silahların işə düşə biləcəyini zənn etmir: "Ermənilərin son zamanlar atəşkəsi pozarkən istifadə etdiyi silahların çeşidi əvvəlki illərə nisbətən daha fərqlidir. Bu silahlar daha çox iriçaplı silahlardır. Əvvəllər isə avtomat silahlardan istifadə edirdilərsə, indi daha çox minaatan və qumbaraatanlardan istifadə edirlər. Bu da Azərbaycan tərəfinin daha sərt cavabları ilə müşayiət olunur. Azərbaycan müdafiə naziri tərəfindən əsgərlərə göstəriş verilib ki, erməni təxribatlarının qarşısını almaq üçün nə lazımdırsa, edilsin. Nəticədə əks tərəfdən açılan atəşlər dərhal Azərbaycan əsgərləri tərəfindən susdurulur. İriçaplı silahlar həm dağıdıcılıq qabiliyyəti baxımından təhlükəlidir, həm də onun zərər vura biləcəyi dairə artıq şəxsi heyətlə məhdudlaşmır, bu zaman infrastrukturun, yaşayış obyektlərinin də sıradan çıxması baş verir. Bu yolla ermənilər daha çox təxribatlar həyata keçirməyə çalışır. Amma düşünmürəm ki, bu, daha ağır texnikanın iştirakı ilə hansısa genişmiqyaslı əməliyyatlara gətirib çıxartsın. Azərbaycan tərəfi hər şeyi nəzarətdə saxlayır və düşmənin addımlarını lazım olan vasitələrlə izləyir. Ermənilərin son zamanlar istifadə etdiyi silah arsenalını bir qədər zənginləşdirməsinə baxmayaraq, Azərbaycan tərəfi də onları cavabsız qoymur, düşmən layiq olduğu cəzanı alır".

Digər ekspert Emin Həsənli də qeyd etdi ki, ermənilər cəbhə bölgəsində ağır silahlardan istifadəni artırdıqca, Azərbaycan tərəfi də daha ağır silah növlərindən istifadə etməklə onların layiqli cavabını verəcək və verməkdədir: "Ermənistan atəşkəsə ümumiyyətlə, əməl etmir, hər zaman atəşkəsi pozub. Bu zaman onların ağır silahlardan istifadə etməsi halları da intensivləşib. Ermənistanda gərginlik pik həddindədir. Bu ölkədə hökm sürən iqtisadi, siyasi böhran, ordudakı özbaşınalıq Ermənistan vətəndaşları tərəfindən kəskin etirazla qarşılanır. Serj Sarkisyan rejimi də bu zaman daxildəki vəziyyətdən əhalinin diqqətini yayındırmaq üçün cəbhə bölgəsində vəziyyətin gərginləşdirilməsi yolunu tutur. Ermənistan müharibə etmək gücündə olmadığını yaxşı bilir. Onun iqtisadi, hərbi gücü, nə də insan resursları buna imkan vermir. Hər il Ermənistanı 70-100 min insan tərk edib gedir. Bütün parametrlərə görə, Ermənistan Azərbaycandan dəfələrlə geridədir. O biri tərəfdən də, Ermənistan atəşkəsin uzanmasında maraqlıdır. Çünki bilir ki, müharibə başlasa, işğal etdiyi bütün torpaqları itirəcək, hətta Ermənistanın özünün mövcudluğu belə sual altında olacaq. Keçən ilin avqustunda ermənilər etdikləri təxribat nəticəsində 50-100 nəfər arası itki verdilər. Bu ilin yanvar ayından üzü bəri isə 100 nəfərdən çox erməni canlı qüvvəsi məhv edilib. Ermənilərə məxsus vertolyot vurulub, çoxsaylı pilotsuz təyyarələri məhv edilib. Bütün parametrlərə görə, Azərbaycan Ordusu ermənilərdən güclüdür, cəbhədəki bütün vəziyyət ordumuzun nəzarəti altındadır. Azərbaycan Ordusunun maddi-texniki bazası güclüdür. Bütün görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə tam qadirdir. Bu fonda ermənilər cəbhə bölgəsində atəşkəsi pozarkən diqqəti yayındırmaq üçün ağır silahlardan daha çox istifadə etməyə başlayıb. Bununla verdikləri çoxsaylı itkilərin guya əvəzini ödəməyə də çalışırlar. Ermənistan vəziyyəti belə davam etdirəcəksə, bölgədə vəziyyət dəyişə, hər an müharibə alovlana bilər. Belədə isə Ermənistanın özünün mövcudluğu sual altında olacaq. Onlar çıxılmaz durumdadır. Avtomaqdan istifadə edərək, atəşkəsi pozacaqları halda, onlara pulemyotla, minaatandan istifadə etdikdə artilleriyanın daha ağır növü llə cavab veriləcək. Azərbaycanın Ermənistanı yerində otuzdurmağa kifayət qədər güc və qüdrəti vardır. Ermənistan üçün ən yaxşı çıxış yolu torpaqlarımızı azad etməkdən keçir. Bunu etməyəcəksə, Ermənistanın vəziyyəti daha da ağırlaşacaq".