Azərbaycanda gənclərin əlilliyinə daha çox hansı xəstəliklər səbəb olur?

12 Avqust 2015 20:00 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən Movqe.az-a verilən məlumata görə, 2014-cü ildə həyatında ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayı 428,5 min nəfər və ya əhalinin hər 10 000 nəfərinə hesabı ilə 1577 nəfər olub.


Dispanser qeydiyyatında olan xəstələrin sayı isə əhalinin hər 10 000 nəfərinə hesabı ilə 1040 nəfər təşkil edib.


2014-cü ildə 14-29 yaşlı gənclərin 1823 nəfərində aktiv vərəm, 219 nəfərində isə bədxassəli şiş xəstəliyi aşkar edilib və bu yaşda olan əhalinin hər 100 000 nəfərinə müvafiq olaraq 67 və 8 nəfər xəstə düşüb.


Eyni zamanda, 2014-cü ildə gənclərin hər 100 000 nəfərindən 2-nə alkoqolizm diaqnozu, 12 nəfərə isə narkomaniya və toksikomaniya diaqnozu verilib: "Bəzi xəstəliklərin uzun müddət müalicəsinin aparılmasına baxmayaraq, onlar sağalmadıqda həmin xəstəyə əlillik dərəcəsi verilir. 2014-cü ildə ilk dəfə əlil hesab edilmiş şəxslərin sayı 42,2 min nəfər olub və onların 13,8 faizini 14-29 yaşlı gənclər təşkil edib. Gənclərin əlilliyinə səbəb olan əsas xəstəliklər arasında əsəb sisteminin, göz xəstəlikləri, zədələr və zəhərlənmələr və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil edir".