Cəbhə təxribatları rəsmi İrəvana baha başa gəlir

14 Avqust 2015 10:32 (UTC+04:00)

Ermənistanda xalqın mövcud rejimdən narazılığı daha kəskin xarakter almaqdadır. Bu ölkənin iqtisadi cəhətdən böhran vəziyyətində olması, bütünlüklə Rusiyadan asılı hala düşməsi, işğal etdiyi Azərbaycan torpaqlarında erməni əsgərlərinin ölümü əhalinin Serj Sarkisyan hakimiyyətindən narazılığını pik həddinə çatdırıb. Ölkə hər an növbəti rəngli inqilabın baş verdiyi məkana çevrilə bilər.

Belə fikirlər səslənir ki, bu şəraitdə Serj Sarkisyan hakimiyyəti vəziyyəti nəzarətə almaq üçün cəbhədəki durumu gərginləşdirməyə çalışacaq. Əsas diqqət daxili narazılığı bu yolla yatırmaqdır. Amma belə gərginlik cəbhədə daha çox erməni əsgərinin zəyatını itirməsi ilə nəticələnir.

Politoloq Natiq Miri bildirdi ki, cəbhədəki vəziyyət həmişə Sarkisyan hakimiyyəti üçün qorxuducu amil rolunda çıxış edib: "Çünki, Sarkisyan hakimiyyətinin mövqeləri Ermənistan daxilində zəiflədikcə, dərhal süni surətdə erməni cəmiyyətində qorxu sindromu yaradılır. Azərbaycanın tezliklə savaşaraq, nəinki Dağlıq Qarabağı, hətta Ermənistanın özünü tuta biləcəyi haqqında informasiyalar yayırlar. Təbii ki, bunun tərkib hissəsi olaraq Qarabağ cəbhəsində, eyni zamanda Azərbaycanla həmsərhəd olan Ermənistan kəndlərində müəyyən hərbi təxribatlar törədilir. Bu təxribatlar zamanı da çoxlu sayda Ermənistan əsgəri tələf olur. Belə vəziyyət daha çox dərəcədə hər bir erməni ailəsinə sirayət etdikcə, təbii ki, cəmiyyətdə də qorxu sindromu yaranır. Yəni, siyasi alət olaraq daxildə vəziyyət gərginləşən kimi, cəbhə bölgəsində kritik durumun yaradılması zaman-zaman Ermənistanda istifadə olunub. Bu gün Ermənistandakı ictimai-siyasi proseslərə Sarkisyan hakimiyyəti tam olaraq nəzarət edə bilmir.

Bu fonda da Qarabağ cəbhəsi və Ermənistanla həmsərhəd kəndlərində təxribatların olması an məsələsidir. O baxımdan da Azərbaycan Ordusu bütün hərbi təxribatlara hazır olmalıdır. Düşünürəm ki, bu yöndə Azərbaycanın hərbi qüvvələrinə artıq müvafiq göstərişlər də verilib.

Bu cür hərbi təxribatlar olduğu təqdirdə, Ermənistan həmişə olduğu kimi, yenə də ciddi itkilərə məruz qalacaq. Çünki bütün parametrlərə görə Ermənistan silahıl qüvvələri Azərbaycan Ordusundan çox geri qalır. Habelə, mənəvi-psixoloji nöqteyi-nəzərdən də Azərbaycan Ordusunda mövcud olan əhval-ruhiyyə işğalçı orduda olan əhval-ruhiyyədən qat-qat güclüdür. Ona görə də hərbi təxribatların baş verdiyi təqdirdə bu, Ermənistanın ciddi itkilərə məruz qalması ilə müşayiət olunacaq. Belə vəziyyət isə nəinki erməni cəmiyyətini qorxutmaq, ola bilsin, əks hadisələrə, Ermənistanda ciddi sosial-siyasi etirazlara gətirə bilər. Çünki artıq bir çox siyasi qüvvələr növbəti prezident olmaq yönündə ciddi mübarizəyə başlamaq niyyətlərini ortaya qoyub. Ona görə bu gün Ermənistanın özündə hər hansı bir siyasi təxribatın törədilməsi belə çox asandır və istisna edilmir. Bu fonda düşünmürəm ki, Qarabağ cəbhəsində hər hansı təxribatları törətməklə Sarkisyan hakimiyyəti Ermənistan cəmiyyətinin əlindən qurtula biləcək".

Politoloq Fikrət Sadıxov Sarkisyan rejiminin istənilən halda cəbhədəki vəziyyəti gərginləşdirməkdə maraqlı olduğunu söylədi: "Hələlik reallıq ondan ibarətdir ki, Sarkisyan rejimini Rusiya dəstəkləyir. Hətta bunu açıq şəkildə edir və gizlətmir. Eyni zamanda, digər həqiqət də ondan ibarətdir ki, Sarkisyan rejimi son dərəcədə zəifləyib. Demək olar ki, rejim çabalayır. Çünki, ölkənin sosial-iqtisadi vəziyyəti pis durumdadır. Ölkədən xaricə kütləvi miqrasiya var. Digər tərəfdən, ölkəni tez-tez etiraz aksiyaları bürüyür. Bütün bunlar Sarkisyan hakimiyyətinə mənfi təsir edir. Amma bu yaxınlarda rejimin çökəcəyini desəm, yanılaram. Çünki, hələ ki ona dəstək var. Düşünürəm ki, onu dəstəkləyən qüvvələr Sarkisyanı əvəzləyəcək füqur axtarışındadır. İndiki fonda rejim artıq ölkə daxilində vəziyyəti gərginləşdirib. Daxildə heç bir problem həllini tapmayıb. Xarici siyasətdə də Sarkisyanın hər hansı bir uğuru yoxdur. Belədə ölkədə vəziyyətin kifayət qədər mürəkkəb olduğunu görürük. Bu fonda Sarkisyanın daxildəki gərginliyi zəiflətmək üçün cəbhə bölgəsində həmişə olduğu kimi təxribat yaradacağı da gözləniləndir. Onlar həmişə belə hərəkətlər yol veriblər. Amma onların bu addımı ölkəsinə baha başa gələcək. Həmişə olduğu kimi, cəbhədə ermənilər Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə tuş gələcək".