Neft ərzaq və digər məhsulları ucuzlaşdırır

15 Avqust 2015 11:00 (UTC+04:00)

Dünya Bankı neftin qiymətilə bağlı bədbin proqnoz açıqlayıb. Qurumun açıqlamasında deyilir ki, İranın dünya bazarına tamamilə geri qayıdışı bazara gündəlik əlavə 1 milyon barrel neft çıxmasına səbəb olacaq. Bu vəziyyətdə isə 10 aydır ucuzlaşan neftin qiyməti bir qədər də aşağı düşə bilər.

Amma "qara qızılın" dəyərdən düşməsi dünyada digər pozitiv proseslərə rəvac verib. Ərzaq da daxil olmaqla bir çox məhsullar ucuzlaşmağa başlayıb. Elə Mərkəzi Bankın bu ilin ilk yarısına dair pul siyasəti icmalında da qeyd olunduğu kimi, 2015-ci ilin əvvəlindən dünyada ərzaq qiymətləri 10,4% aşağı düşüb. Bu isə neftin ucuzlaşmasına görədir. Qeyd olunan fonda iqtisadçılar idxal məhsullarının qiymətinin enəcəyini deyirlər. İqtisadi və Sosial Rəşad Həsənov bildirir ki, iqtisadi proseslər məhz buna aparır: "Əgər enerjinin dəyəri aşağı düşürsə, istehsal olunan məhsulların maya dəyərində, nəqliyyat xərclərində də azalma baş verir. Nəticədə məhsulların istehlak qiymətinin enməsi müşahidə edilir. Bu proses əhalinin böhranlı dövrlərdə istehlak xərclərinin azalmasına və digər tərəfdən azalan gəlirlərinin kompensasiya olunmasına yol açır.

2014-cü ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşları olan Avropa, Rusiya, Gürcüstan, Türkiyə kimi ölkələrin valyutalarında ciddi şəkildə məzənnə azalması baş verdi. Həmin ölkələrdən idxal edilən məhsulların qiyməti müəyyən qədər düşdü. Bu da alıcılıq qabiliyyətini gücləndirdi. Bu gün enerji qiymətinin ucuzlaşması nəticəsində dünya bazarında bir çox məhsulların qiymətində baş verən ucuzlaşmanın təsirlərini yaxın dövr üçün Azərbaycanda hiss edə bilməyəcəyik. Ancaq uzunmüddətli və orta müddətli dövr üçün neftin qiyməti aşağı olarsa, proses özüün göstərəcək. Onu da qeyd etmək lazımdır ki, daxili tələbatın azalması bir çox hallarda inhisarçı sahibkarların fəaliyyətində çətinliklər yaradıb. Təbii olaraq, qiymətləri aşağı salırlar. Lakin bu, rəqabət fonunda yox, alıcını stimullaşdırmaq məqsədi ilə həyata keçirilir. Hətta monopolist sshibkarlar qiyməti aşağı salmaqdansa, məhsulun üzərində hansısa əlavə hədiyyələr təklif etməklə dövriyyələrini stimullaşdırmağa çalışırlar".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, Azərbaycana daxil olan məhsulların qiyməti o zaman daha çox düşə bilər ki, bazara bir neçə biznes strukturunun məhsulu təqdim edilsin: "Azərbaycana həmin məhsulları bir neçə sahibkarlıq subyekti gətirərsə, rəqabət nəticəsində qiymətləri endirəcəklər. Yox, əgər həmin məhsullar üzrə bir sahibkar idxalla məşğuldursa, o, daha çox pul qazanmaqda maraqlı olacaq".