Uşaq bağçalarında yenilik!

13 Avqust 2015 17:45 (UTC+04:00)

Yaxın vaxtlarda "Məktəbəqədər təhsilin kurikulumu" sənədi respublika üzrə bütün uşaq bağçalarında tətbiq ediləcək. Bu barədə Movqe.az-a açıqlamasında Təhsil Problemləri İnstitutunun Məktəbəqədər Təhsilin Kurikulumu şöbəsinin rəhbəri Laləzar Cəfərova məlumat verib. L. Cəfərovanın sözlərinə görə, "Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim"lərin keçirilməsinə artıq respublikanın 15 rayon və şəhərində başlanılıb. Yaxın gələcəkdə isə bu təlimlər bütün respublika üzrə  uşaq bağçalarının tərbiyəçiləri üçün təşkil olunacaq. L. Cəfərovanın sözlərinə görə, "Məktəbəqədər təhsilin kurikulumu" sənədinin tətbiqindən öncə bütün uşaq bağçalarında məktəb direktorları, tərbiyəçilər, musiqi müəllimləri  bu təlimlərə cəlb edilməlidir ki, onlar məktəbəqədər kurikulumun məzmununu bilsinlər. L. Cəfərovanın sözlərinə görə, artıq ibtidai sinifdə kurikulumun tətbiqinə başlanıldığından, məktəbəqədər təhsildə də  yeni təlim metodunun, kurikulumun tətbiqi vacibdir. Sirr deyil ki, uşaqların məktəbə hazırlığı üçün məktəbəqədər təhsil vacib olsa da, ölkədə uşaq bağçalarının sayı ilə məktəbyaşlı uşaqların sayının tərsmütənasib olması hələ də, minlərlə bağçayaşlı uşağın məktəbəqədər təhsildən kənarda qalmasına səbəb olur. Bir dəfə də olsun bağçanın qapısını açıb öz həmyaşıdları ilə birgə masa arxasında oturmayan uşaqların birdən-birə məktəbdə yeni təlim metoduna uyğun təhsilə cəlb edilməsi müəyyən çətinliklərə yol açır. Odur ki, ekspertlər də, kurikulumun tətbiqinə məktəbəqədər təhsildən başlanılmasının vacibliyini vurğulayırlar. Amma reallıq ondan ibarətdir ki, hazırda məktəbəgedən uşaqların çoxu məktəbəqədər hazırlığı evdə, yaxud müəllim yanına getməklə keçirlər. Elə L. Cəfərova da hazırda Azərbaycanda məktəbyaşlı uşaqların 14 faizinin bağçaya cəlb olunduğunu, inkişaf etmiş ölkələrdə bu rəqəmin 90 faiz olduğunu söyləyir. Kor-koranə aparılan məktəbəqədər hazırlıq isə öz acı nəticəsini elə uşaq məktəbə gedən gündən göstərməyə başlayır. Birinci sinfin proqramına uyğun evdə, müəllim yanında hazırlıq keçən uşaq proqramı bildiyi üçün sinifdə darıxır, müəllimi dinləməyə həvəsi olmur, dərs müddətində başqa işlərlə başını qatmağa çalışır. L. Cəfərova deyir ki, əslində məktəbəqədər hazırlıq zamanı uşaq yazıb oxumağı öyrənməməlidir. 1-ci sinfə gedəcək uşaq yazmağı, oxumağı məktəbdə öyrənməlidir. Məktəbəqədər isə ona müəyyən biliklər verilməli, vərdişlər aşılanmalıdır. Ekspert deyir ki, məktəbəqədər hazırlığı bağçada aparmaq daha məqsədəuyğundur. Çünki uşaq bağçada fiziki, psixi, sosial və ən sonda intellektual olaraq yetişdirilir: "Bağçada uşaq müəyyən məşğələlərdə oturmaqla ona yavaş-yavaş dərsdə oturmaq vərdişləri öyrədilir. Bağçadan məktəbə gedən uşaq dərs müddətində dözümsüzlük göstərmir, yaxud məktəbə gələndə valideyninin ətəyindən yapışıb ağlamır. Bağçada uşaqlara öz yaşıdları ilə tərbiyəçi ilə davranmaq qaydaları da aşılanır". 

L. Cəfərovanın sözlərinə görə, məktəbəqədər təhsilin kurikulumu sənədində isə məktəbəqədər təhsil pilləsinin sonunda uşaqdan müəyyən nəticələr  əldə edilir. " Bura uşağın sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirməsi, qidalanma və sanitar gigiyena qaydalarına əmələ etməsi,böyük, kiçik və hissi motor hərəkətlərini koordinasiya etməsi,  təhlükəsizlik qaydalarına əməl etməsi, nitqi dinləyib anlaması, rabitəli danışıq və nitq etiketlərindən istifadə daxildir. Eləcə də, həmin uşaq sadə təfəkkür əməliyyatlarını yerinə yetirməli, əşya və hadisələri sadə şəkildə izah etməyi bacarmalı, fərziyyələr irəli sürməli, vətən haqqında sadə təqdimatlar etməyi, özündən kiçiklər, həmyaşıdları və böyüklərlə ünsiyyət qurmağı,  hörmət  və dözüm nümayiş etdirməyi, sadə əmək bacarıqları nümayiş etdirməyi bacarmaq tələb olunur. Müşahidələr göstərir ki, uşaqların bağçada müasir tələblər baxımından məşğələlərdə düşünməyə yönəldilməsi, onlarda dərketmə və düşünmə idrak fazaları üzrə interaktiv təlimə lazımi səviyyədə cəlb olunmur. Problem kurikulumun tətbiqi baxımından yanaşıldıqda müvafiq standartların reallaşdırılması, gözlənilən təlim nəticələri həllini tapmalıdır. Hər hansı təlim işinin məqsədində standartların reallaşması, inteqrasiyanın aparılması tələbi ilə tərbiyəçi gündəlik planlaşma tutmalıdır. Burada mövzuya uyğun standartlar və ona müvafiq məqsədlər inteqrasiya, məşğələnin idrak baxımından tipi, forması, iş üsulları, resurslar təmin olunmalı, motivasiya ilə uşaqlarda maraq yaradılmalı, düşünməyə yönəldilməlidir".

Həmsöhbətimiz deyir ki, məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların intellektual, fiziki və psixoloji inkişafının təmin edilməsi vacibdir: "Məktəbəqədər təhsilin uşaqların məktəbə hazırlanmasında eləcə də onların sadə əmək bacarıqlarına yiyələnməsi, istedad və qabiliyyətlərinin aşkar edilməsi, həyatı qabiliyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Məktəbəqədər təhsilin kurikulumu sənədi ilə hər bir tərbiyəçi yaxından tanış olmaqla pedaqoji fəaliyyətində qarşıya qoyulan tələbləri reallaşdırmalıdır. Məktəbəqədər təhsilin məzmunu, təlim strategiyaları, uşaq nailiyyətlərinin qiymətləndirilməsi məsələlərini özündə ehtiva edən həmin sənədin mahiyyəti tərbiyəçi üçün aydın olmalıdır. Bunun üçün isə artıq işlərə başlanılıb".