Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin informasiya sistemi "Elektron Hökumət” portalına qoşulacaq

14 Avqust 2015 17:30 (UTC+04:00)

Bu gün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndələri ilə birgə görüş keçirilib.

Məlumat Hesablama Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin informasiya sisteminin "Elektron Hökumət" portalına qoşulması və elektron xidmətlərin təşkili haqqında hüquqi, texniki və proqram məsələlər müzakirə olunub.

Görüş zamanı Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına əsasən təsdiq edilmiş elektron xidmətlər siyahısı üzrə "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətinin portal üzərindən "bir pəncərə" prinsipinə uyğun olaraq vətəndaşlara təqdim edilməsi üçün texniki məqamlar gözdən keçirilib. Sözügedən xidmətin Nazirlər Kabineti tərəfindən təsdiq olunan müvafiq texniki qaydalara uyğun hazırlanması üçün zəruri informasiya və portala qoşulma sxemi agentliyin nümayəndələrinə təqdim edilib.

Qeyd edək ki, sözügedən xidmətin istifadəçilərə portal üzərindən çatdırılması bu sahədə qurulan yeni biznes sahələrinin işini sadələşdiriləcək.

Müzakirələrin sonunda müvafiq informasiya sisteminin portala inteqrasiya edilməsi üçün alınacaq serverlər və digər avadanlıqların texniki parametrləri MHM-in mütəxəssisləri tərəfindən agentliyin əməkdaşlarına təqdim edilib. Hər iki qurum arasında davamlı əməkdaşlıq sayəsində qeyd olunan məsələlərin tezliklə reallaşdırılacağı vurğulanıb və uğurlu əməkdaşlığın başlanması məqsədilə ikitərəfli müqavilə layihəsinin hazırlanması qərara alınıb.