Radikal düşərgədə seçki böhranı

15 Avqust 2015 07:01 (UTC+04:00)

Parlament seçkiləri yaxınlaşdıqca ölkənin siyasi qüvvələri də fəallaşır. Artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə iştirak edəcək namizədlərin siyahısını müəyəyn edib. Bu da iqtidar partiyasının yenə seçkilərə hazırlıq məsələsində də operativ olduğunu bir daha ortaya qoydu. Belədə görünən odur ki, builki parlament seçkilərinin də əsas aparıcı qüvvəsi YAP olacaq. Digər cəbhədə isə hələ də süstlük hökm sürür.

Radikal müxalif düşərgə hələ də yerində saymaqda davam edir. Əli Kərimlinin başçılıq etdiyi AXCP və onun özəyini təşkil etdiyi Milli Şuradan seçkilərdə iştirakla bağlı hələlik hər hansı bir fikir ortalıqda yoxdur. Bu qurum özünü elə aparır ki, sanki seçki ili deyil. Bunun nticəsidir ki, radikal müxalifət başqa siyasi qurumlardan fərqli olaraq seçki aktivliyi nümayiş etdirmir, yerində saymaqda davam edir. Aydın məsələdir ki, bu gedişlə seçkidə daha böyük məğlubiyyətlə üzləşməli olacaqlar. Hakimiyyətin xalqın maraqlarına uyğun şəkildə yeritdiyi ardıcıl siyasət, ölkənin inkişaf etməkdə davam etməsi, uğurlu xarici siyasət cəmiyyətdə iqtidara olan etibarın daha da yüksəlməsinə gətirib çıxarıb. Ona görə də bütün gücü ilə xalq indiki iqtidarı dəstəkləməkdə, ona daha çox etibar etməkdə davam edir. Bu fonda radikal müxalifət gözəl bilir ki, seçicilər onlara səs verməyəcək. Əksinə, bu dəfə ötən dəfəki seçkilərdə qazandığı səslərdən də az səs toplayacaqlar. Beləliklə də, cəmiyyət qarşısında daha da nüfuzdan düşəcəklər. Məhz acınacaqlı uğursuzluqla üzləşəcəklərini bildiklərindən başqa partiyalar seçkilərə hazırlığı gücləndirdiyi halda, radikallar yerində saymaqdadırlar. Bu qüvvələr həm də ona görə seçki ərəfəsi yerində saymaqda davam edir ki, namizəd verməyə yetərincə nümayəndələri belə tapılmır. Belə ki, son illər ərzində müxalifətin radikal qanadını çoxsaylı insan tərk edib.

Millət vəkili Aydın Mirzəzadə qeyd etdi ki, radikallar qüvvələrinin zəif olması fonunda bu seçkiləri də uduzacaqlarını bildiyindən, başqalarından fərqli olaraq seçkilər ərəfəsində belə yerlərində saymaqda davam edirlər: "Artıq siyasi partiyalar öz güclərinə görə hərəkət etmək zamanına gəlib çatıb. Radikalların isə əvvəlki illərdəki əsassız iddiaları, boş-boğazlıq dövrü artıq keçib. Seçkilər güclülərin rəqabət apardığı bir müstəvidir. Radikal siyasi partiyalar seçki dövründə güclərinin olmadığını, hakim partiyanın irəli sürəcəyi namizədlərə qarşı alternativ qüvvə qoya bilməyəcəyinin fərqinə varırlar. Amma bu, o demək deyil ki, seçkilər alternativsizdir. Bu gün Azərbaycanda artıq formalaşmış parlament partiyaları var. Cəmiyyətdə artıq tədricən öz yerini tutan konstruktiv müxalifət mövcuddur. Öz gücünə bələd olan və seçkidə uğurunu sınamaq istəyən namizədlər var. Bir sözlə, seçkilər güclülər arasında gedəcək. Artıq radikal müxalifətin gurultulu bəyanatlar verdiyi, öz gücünü səfirliklərlə əməkdaşlıqda göstərdiyi dövr çoxdan keçib".