Erməni lobbisi yenə Leyla və Arif Yunusun müdafiəsinə qalxıb

15 Avqust 2015 10:45 (UTC+04:00)

Leyla və Arif Yunusun barəsində birinci instansiya məhkəməsi tərəfindən 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünün məqsədyönlü şəkildə bəzi Qərb dairələri siyasiləşdirməyə başlayıb. Siyasi təhlilçilərin sözlərinə görə, bu, həmin dairələrin ənənəvi və əsassız olan yanaşmalarından biridir.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasinin katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirli da vurğuladı ki, bu, artıq yeni hadisə deyil: "Qərbin müəyyən siyasi dairələri hər zaman Azərbaycana təzyiq göstərmək üçün müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışıblar. Həmin vasitələr içərisində ölkədə baş verən cinayət hadisələrinə siyasi don geyindirmək, onu siyasiləşdirmək də var. Hətta məişət zəminində baş vermiş hadisəyə siyasi motiv geyindirməklə beynəlxalq ictimai fikirdə anti-Azərbaycan obrazı formalaşdırmağa çalışırlar. Bununla da hakimiyyətə təsir göstərmək istəyirlər. Bu, onların ənənəvi üsuludur. Zamanı da seçərkən, xüsusi diqqət yetirirlər ki, Azərbaycan böyük tədbirlərə ev sahibliyi etsin. Bu, onların təzyiqləri üçün uğurlu zaman hesab olunur. Bunu "Eurovision" mahnı müsabiqəsi, Birinci Avropa Oyunları ərəfəsində də gördük. İndi də Azərbaycan növbəti mühüm tədbirə - parlament seçkilərinə hazırlaşır. Yenidən ölkəmiz dünyanın diqqət mərkəzində olacaq. Belə olduqda isə onlara təzyiq göstərmək üçün yeni imkan yaranmış olur. Onlara uzun və dərin düşünməyə ehtiyac qalmayıb. Jurnalist Rasim Əliyevin ölümünə siyasi "don" geyindirdilər, indi də Leyla və Arif Yunusun həbslərində eyni hadisələrin şahidi oluruq. Amma Azərbaycan ictimaiyyəti bu təzyiqlərin arxasında nəyin dayandığını çox gözəl bilir. Əslində, həqiqət ondan ibarətdir ki, Yunusların müdafiəsinə qalxan qüvvələr onların taleyini düşünmürlər. Onlara Azərbaycana təzyiq etmək üçün vasitə lazımdır".

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirir ki, Qərbin müəyyən dairələrindən bu cür addım atılacağı gözlənilən idi: "Çünki, Leyla və Arif Yunusun işləri başlanandan ümumiyyətlə, Qərbdə müəyyən dairələr onları təmizə çıxarmaq üçün əlindən gələni edirdilər. Xüsusən də Ermənistan kütləvi informasiya vasitələri Yunusların təmiz insan olduğunu sübut etməyə çalışırdılar. Əgər düşmən səni tərifləyirsə, sənin haqqında xoş təəssürat yaratmağa çalşırsa, deməli, onun səninlə əlaqələri var. Bu baxımdan Qərbdə müəyyən dairələrin aktivləşməsi başadüşüləndir. Məhkəmə qərarları, həbslər siyasiləşdirilir. Amma Azərbaycanda normal, azad məhkəmə mövcuddur. Həbs edilənlərə öz fikirlərini ifadə etməyə normal şərait yaradılır. Yəni, Azərbaycan bu prosesləri də qanunverciliyin tələbləri çərçivəsində aparıb. Amma buna baxmayaraq Qərbdə, eləcə də Ermənistandakı müəyyən dairələr, lobbi insanları onları müdafiə etməyə çalışırlar. Bu isə bir daha sübut edir ki, Yunuslar məhz anti-Azərbaycan təbliğatı, fəaliyyəti ilə məşğul olublar. Həmin fəaliyyət də bu gün onları müdafiə edən dairələrə lazım imiş. Bu baxımdan Azərbaycan elə təbliğatlara uymamalı, öz qərarları ilə addım atmalıdır. Əgər bunlar məhkəmənin son qərarından narazıdırlarsa, daha yüksək məhkəmə instansiyalarına müraciət edə bilərlər". Xatırladaq ki, Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib.