Bu il özəl ali məktəblərə qəbul olunan 623 tələbə ödənişsiz oxuyacaq

15 Avqust 2015 15:10 (UTC+04:00)

Özəl universitetlərə 3 310 tələbə qəbul olunub

Bu il keçirilən qəbul imtahanlarında ali təhsil müəssisələrinə daxil olan 32 276 nəfərdən 3 310-u özəl universitetlərdə oxumaq şansı qazanıblar. Movqe.az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, onlardan 623 nəfəri dövlət sifarişi əsasında və ödənişsiz formada təhsil alacaq.

Komissiyadan o da qeyd olunub ki, ali təhsil müəssisələrinə daxil olanlardan 28 966 nəfəri isə dövlət universitetlərində oxuyacaq. Bunun da 11 041 nəfəri ödənişsiz əsaslarla təhsil alacaq. Eyni zamanda, 17 925 abituriyent ödənişli əsaslarla təhsil alacaq.

Qeyd edək ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında dövlət və özəl ali təhsil müəssisələri üçün ayrılmış plan yerlərinin 83,12 faizi dolub, 16,88 faizi (6 555 yer) vakant qalıb. Boş qalan yerlərə yenidən keçirilən müsabiqəyə ixtisas seçimi avqustun 14-dən 19-na kimi davam edəcək.