Gürcüstanda 2 azərbaycanlı deputat seçildi

2 Oktyabr 2012 13:23 (UTC+04:00)
Əli Məmmədov adlı soydaşımız seçki marafonundan böyük səs çoxluğu ilə qalib çıxıb. Bu barədə Modern.az saytına Gürcüstan parlamentinin üzvü Azər Süleymanov məlumat verib. Deputatın sözlərinə görə, Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, 2 azərbaycanlı namizəd parlamentdə təmsil olunmaq hüququ qazanıb: biri özüdür, biri də Əli Məmmədov.

"Dünənki seçkilər çox normal, demokratik keçirildi. Sözün açığı biz seçkilərin belə keçəcəyini gözləmirdik. İlkin nəticələr artıq bəllidir. Mən namizədliyini irəli sürdüyüm bölgə üzrə 47 min səsdən 35 minini toplamışam. Bu artıq mənim qələbəm deməkdir. Bu il Gürcüstanda ilk dəfə idi ki, daha bir azərbaycanlı seçkilərə müxalifətdən qatılmışdı. Əli Məmmədov adlı həmin azərbaycanlı da Marneuli rayonu üzrə qalib gəldi. O, müxalifətin proporsional siyahısında 32-ci yerdədir. Hələlik biz ikimiz parlamentdə təmsil olunmaq hüququ qazanmışıq. Amma rəsmi nəticələr ən tezi 15 gün ərzində bəlli olacaq", - deyə A.Süleymanov parlament seçkilərini şərh edib.

Müxalifətin qalib gəlməsi barədə deyilənləri birmənalı olaraq təsdiqləməyən iqtidar nümayəndəsi A.Süleymanovun sözlərinə görə, Gürcüstanda seçkisonrası ümumi vəziyyət qənaətbəxşdir.

"Dünən seçki başa çatandan sonra iqtidar təmsilçiləri ilə müxalifət nümayəndələri görüşüb bir-birlərini təbrik etdilər. Təbii ki, hər bir Gürcüstan vətəndaşı kimi bizim üçün kimin qalib gəlməsi önəmli deyil, əsas odur xalq qalib gəlsin. Seçkilərin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyası açıqlama verərkən bildirdi ki, nəticələr 15 gündən sonra rəsmən məlum olacaq. Hələlik ilkin ehtimallarda  müxalifətin 70 faiz səs topladığı bildirilir, amma bu, bir o qədər də inandırıcı deyil".

Qeyd edək ki, dünən Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, prezident Mail Saakaşvilinimn rəhbəri olduğu Vahid Milli Hərəkat Partiyası müxalifətə məğlub olub. "Eksit-poll"arın məlumatına görə, milyarder Bidzina İvanişvilinin müxalif  "Gürcü arzusu" bloku seçkilərdə böyük say hesabı ilə qalib gəlib.