Ərazidən köçürülən boru kəmərindən su sızması Bakıda inşa olunan yeni tunelin divarını çökdürüb

2 Oktyabr 2012 16:25 (UTC+04:00)
Bakı şəhərinin Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində inşa olunan yeni tunelin divarı çöküb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, buna səbəb divar svaylarının deformasiyasıdır ki, bu da öz növbəsində həmin ərazidə 1 200 mm-lik su boru kəmərinin köçürülməsi zamanı suyun sızmasından irəli gəlib: "Səhər saat 7 radələrində baş verən hadisə zamanı təxminən 20 metr uzunluğunda svaylar deformasiya olub. Xəsarət alan olmayıb. Hazırda divarın bərpa işləri həyata keçirilir ki, qısa bir müddət ərzində bu işlər başa çatdırılacaq".

Qeyd edək ki, 3 gediş və 3 gəlişdən ibarət olacaq tunelin uzunluğu 780 metr, eni 26,5 metr, hündürlüyü 5,5 metr, qapalı boyu isə 300 metr olacağı gözlənilir. Eyni zamanda layihə çərçivəsində ümumi uzunluğu 1 746 metr olan Müzəffər Nərimanov küçəsində əsaslı təmir işləri həyata keçirilib. Küçə boyu kommunikasiya xətləri dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub, aşınma qatı istisna olunmaqla asfalt-beton işləri başa çatdırılıb. Tikintisinə 2011-ci ilin yanvar ayından başlanılan tuneldə işlərin təqribən 60%-i yerinə yetirilib. Layihənin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.