Bakı şəhər Baş Polis İdarəsi kriminal avtoritetin yaxın qohumunun qətli ilə bağlı məlumat yayıb
2 Oktyabr 2012 17:31 (UTC+04:00)
Bakı şəhər Baş Polis İdarəsi ötən gün paytaxtda baş
verən silahlı insidentlə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki,
oktyabrın 1-də Albalılıq yaşayış sahəsində Maştağa qəsəbə sakini,
əvvəllər məhkum olunmuş Ramin Babayevin odlu silahla qətlə
yetirilmiş meyiti aşkar edilib. Xəzər Rayon Polis İdarəsinin
Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının
keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli
bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağamirzə
Quliyev tutulub. Ondan TT markalı tapança, bir ədəd patron,
R.Babayevə məxsus "Naqan" markalı tapança və ona aid 5 ədəd patron
götürülüb.
APA-nın əldə etdiyi məlumata görə,
hadisəni törədən və hadisə zamanı dünyasını dəyişən şəxslərin hər
ikisi kriminal aləmlə sıx əlaqəlidir. Belə ki, hadisə zamanı qətlə
yetirilən R. Babayev bir neçə gün əvvəl Bakının Maştağa qəsəbəsində
Səttar Xudaverdiyevi bıçaqlayıb. S. Xudaverdiyev ağır vəziyyətdə
xəstəxanaya yerləşdirilib. R. Babayev isə polis tərəfindən axtarışa
verilib.
Məlumata görə, R. Babayevin bıçaqladığı S. Xudaverdiyev tanınmış
avtoritet Amil Xudaverdiyevin əmisi oğludur. R. Babayevin qətlinə
də avtoritetlər qərar verib.