Azərbaycan yunan aeroportlarının sahibindən birinə çevrilə bilər

18 Avqust 2015 09:00 (UTC+04:00)

Yunanıstan hökuməti iqtisadi böhran üzündən bu dəfə aeroportlarını satışa çıxarır. Belə ki, payızda Yunanıstan 14 regional aeroport, iki dəniz limanı, bir dəmir yolu idarəsini, iki elektrik şirkətini tam və bir telekommunikasiya operatorunun səhmlərinin müəyyən hissəsini satışa çıxaracaq. Bu barədə Yunanıstan Dövlət Aktivlərinin İnkişaf Fondundan (HRADF) deyiblər. Qurum gələcəkdə Afina Hava Limanının və "Elta" poçt xidmətinin səhmlərinin də satışa çıxarılma ehtimalı olduğunu açıqlayıb. Onları alan dövlətlər sırasında isə Azərbaycanın da olması mümkün sayılır.

Laikn İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, indiki dövrdə Azərbaycan bu kimi yatırımlar etməyəcək: "Çünki, Azərbaycanda özəl sektorun bu istiqamətə marağının hansı səviyyədə olması belə müzakirə mövzusudur. Məhz bu baxımdan hələlik Azərbaycandan bu istiqamətdə hansısa formada yatırımların olacağını gözləmək innadırıcı deyil".

Ekspert bu işlərin dövləti xətti ilə edilməsinə də toxndu: "Azərbaycanda bu istiqamətdə faktiki iki şirkət iş görə bilər. Bunlardan biri Dövlət Neft Fondu(DNF), digəri isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (SOCAR). Bunlar xüsusi ilə xaricdə aktiv investisiya siyasəti həyata keçirməyə çalışırlar. Lakin indiki durumda SOCAR qeyd edilən istiqamətdə addımlar atacağı düşünülmür. DNF isə bu istiqamətdə qərar qəbul edəcəyini demək düzgün olmazdı. Çünki, qanunverciliyə görə, DNF hansısa şəkildə biznes fəaliyyəti göstərə bilməz. Digər tərəfdən nəzərə alsaq ki, Yunanıstanda özəlləşdirməyə çıxarılan aeroportların əlavə investisiyaya, eyni zamanda aşağı qiymətlərlə daha yüksək keyfiyyətli xidmət göstərməyə ehtiyac var. Çünki, hələlik orada gəlirlilik yüksək deyil. Belə bir təqdirdə DNF-in bu məsələləri nəzəər alması lazımdır".

Digər iqtisadçı ekspert Nicat Hacızadə ilk olaraq onu vurğuladı ki, Yunanıstan düşdüyü böhrandan çıxmaq üçün adalarını, turizm obyektlərini, aeroport və gəmiləri satışa çıxardır: "Əslində, təklif olunanların əksəriyyətinin qiyməti hal-hazırda çox aşağıdır. O cümlədən Yunanıstan səhmlərin qiymətində də ciddi azalmalar var. Bu formada Yunanıstana investisiya yatırmaq heç də rentabelli görünmür. Dövlət sektorunun investisiya qoymağı heç də məqbul deyil. Əsasən bu tipli investisiyalarla bizdə ya SOCAR ya da DNF məşğul olur ki, onlar da dövlət müəsissəsi olaraq bunu etməyəcəklər. Özəl sahibkarlıq isə bu məsələdə analiz aparmalıdır. Yunanıstan böhrandan çıxa bilsə və qarşıda özünə gəlsə, aeroportların alışında iştirak etmək düzgün olardı. Amma uzun müddət üçün bu gözlənilmir".