Yunanıstan energetika naziri ABŞ səfiri ilə TAP layihəsini müzakirə edib

19 Avqust 2015 12:26 (UTC+04:00)

Yunanıstanın yenidənqurma, ekologiya və energetika naziri Panos Skourletis ABŞ-ın bu ölkədəki səfiri Devid Pirslə (David Pierce) görüşüb.

Movqe.az-ın "APA-Economics"-ə istinadən verdiyi xəbərə görə, görüş zamanı Yunanıstan iqtisadiyyatının hal-hazırkı vəziyyəti, xarici investisiyanın cəlb olunması və enerji məsələləri müzakirə olunub.

Görüşdə Yunanıstandan keçən enerji layihələri xüsusi müzakirə olunub. Yunan nazir Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) layihəsi ilə bağlı sonuncu görülmüş işlərə toxunub.

P.Skourletis Yunanıstanın enerji təhlükəsizliyi sahəsində atdığı addımları diqqətə çatdıraraq ölkəsinin enerji "hub"ı rolunu oynadığını vurğulayıb.

İki ölkə arasında enerji məsələləri ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın (Amos Hochstein) yaxın zamanlarda Yunanıstana səfəri zamanı daha detallı şəkildə müzakirə olunacaq.

Qeyd edək ki, ötən ay ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın Bakıya da rəsmi səfəri olub.