Vəfadar Misirov: “Hansısa səbəbdən vakant vəzifələri gizlətmək məqsədi artıq öz aktuallığını itirib”

19 Avqust 2015 15:52 (UTC+04:00)

Bu informasiya sistemi internet üzərindən çalışdığı üçün əvvəlki illərdə olduğu kimi dövlət orqanlarında hansısa vakant vəzifələri bizə təqdim etməmək istəyi və yaxud hansısa səbəbdən vakant vəzifələri gizlətmək məqsədi artıq öz aktuallığını itirib".

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov AzTV-yə müsahibəsində deyib.

O, bildirib ki, bütün məlumatlar reyestrdə əks olunduğu üçün vakant vəzifələr dərhal məlum olur: "Dövlət orqanlarının vakant vəzifələri elan etməsi artıq onların vəzifə borcu olur. Bu baxımdan vakant vəzifələrin sayı xeyli artıb. Biz yeni müsabiqə elanı zamanı dövlət qulluqçularının reyestri sistemindən istifadə edirik. Eyni zamanda, dövlət qulluqçularının reyestri ilə paralel bütün dövlət orqanlarının strukturları, ştat cədvəlləri və ştat cədvəlindəki bütün vəzifələrin pasportları qeydə alınıb. Orada vəzifəyə gələnlərə dair tələblər qoyulub".

Sədr müavinin sözlərinə görə, dövlət qulluğuna qəbulda neqativ halların qarşısı alınıb: "Test sualları kompüter tərəfindən formalaşdırılır. Namizədlər sualları cavablandırandan dərhal sonra öz cavabları ilə tanış ola bilirlər. Bu baxımdan test mərhələsindən narazılıq demək olar ki, yoxdur. Bəzən görürsən belə fikir səsləndirirlər ki, test mərhələsindən sonra müsahibəyə ehtiyac yoxdur, müsahibə subyektivdir, insan amili var. Amma işin keyfiyyəti baxımından müsahibəni əvəz edəcək bir sistem yoxdur. Bəzən elə olur ki, test mərhələsi zamanı 100 baldan 95 bal toplayan namizəd müsahibədə öz fikrini ifadə edə bilmir".

V. Misirov qeyd edib ki, indiyə kimi müsabiqə və ümumi müsahibədə 65 mindən çox namizəd iştirak edib: "4000 ətrafında namizəd vəzifəyə təyinat alıb. 497 namizəd bizim ehtiyat kadrlar siyahısındadır. Namizəd dövlət orqanına dərhal təyinat almırsa o, iki il müddətində bizim ehtiyat kadr siyahısında olur".