Aztəminatlı vətəndaşlar da mənzil sahibi ola biləcək

20 Avqust 2015 08:00 (UTC+04:00)

Ölkə vətəndaşlarının mənzillə təminatı istiqamətində atılan son addımlar Azərbaycanda ev tikintisinin yenidən yüksək aktivlik mərhələsinə daxil olacağını deməyə əsas verir. Artıq bəllidir ki, hökumətdə ipoteka kreditlərinin həcminin bir neçə dəfə artırılması, eləcə də kreditlərin verilməsi şərtlərinin dəyişdrilməsinə hazırlıqlar gedir. Söhbət bu il ipoteka üçün nəzərdə tutulan 50 milyon manatdan əlavə 200 milyon manatdan gedir.

Onu da bildirək ki, ipoteka kreditlərinin məbləğinin artırılması, faizlərin aşağı salınması ilə bağlı yeniliklərin tətbiq olunacağı tarix də məlumdur. Mərkəzin Bankın elan etdiyi ipoteka yenilikləri bu ilin payızında qüvvəyə minəcək. Çünki, yeni qaydaların tətbiqi üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir.Parlament isə bu məsələyə payız sessiyasında, sentyabrda baxacaq. İlkin məlumatlara görə, dəyişikliklər ipotekanın maksimum məbləğinin indiki 50 min manatdan 100 min manata qalıdırlmasını, faizlərin isə adi ipotekada 6%-ə, sosial ipotekada isə 3%-ə endirilməsini nəzərdə tutur. Bütün bunlar isə mənzil bazarında böyük canlanma yarada bilər. Qeyd edək ki, ölkədə daşınmaz əmlak bazarı son bir ilin ən durğun dövrünü yaşayır. Belə ki, Mərkəzi Bankın məlumatına görə, bu il yanvar-iyun ayları üzrə daşınmaz əmlak bazarının dövriyyəsi 32 faiz azalıb. Yəni, bu ilin birinci yarısında sözügedən dövriyyə 1,7 milyard manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 2,5 milyard manat olub. İpoteka kreditləşməsinin artması isə burada aktivlik həddini yenidən xeyli yüksəltmək iqtidarındadır. Özü də ipoteka kreditləşməsinin miqdarında böyük artımlar gözlənilir. Təbii ki, bütün bunlar daha çox insanın mənzil sahibi olmasına imkan verəcək. Eyni zamanda bu vəziyyət ölkədə inşa olunan mənzillərin sayını artıracaq.

Lakin tətbiq edilən yeniliklər təkcə bununla məhdudlaşmır. Daha aztəminatlı insanların mənzillə təminatını həyata keçirmək üçün sosial mənzillərin inşası da gündəmdədir. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib ki, sosial mənzillərin tikilməsi ilə bağlı məsələ Milli Məclisin payız sessiyasında gündəmə gətiriləcək. M.Quliyev Trend-ə bildirib ki, sosial mənzillərin tikilməsi və güzəştli şərtlərlə insanlara verilməsi ilə bağlı ya bir qanun qəbul edilməli, ya da bu məsələ aktuallaşdırılaraq Nazirlər Kabinetinin nəzərinə çatdırımalıdlr: "Hər il Azərbaycanda 80-85 min arası insan evlənir və onların çoxunun yeni mənzillərə ehtiyacı var. Düzdür, ipoteka, o cümlədən sosial ipoteka kreditləri verilir, amma bunlar kifayət etmir, hər kəsin əmək haqqı ipoteka ilə mənzil almağa imkan vermir. Mənzil problemini həll etmək üçün dünya dövlətlərinin sosial evlərin tikilməsi və uzun müddətə insanlara verilməsi sahəsində çox gözəl modeli var. Hesab edirəm ki, onu Azərbaycana tətbiq etmək olar".

M.Quliyev bildirib ki, təcrübəyə əsasən, sosial mənzillər kirayə müqaviləsi bağlanmaqla insanlara verilir, amma o, vətəndaşın öz evidir: "Tutaq ki, 20-25 il ərzində ayda 200-250 manat verməklə bunu həyata keçirmək olar. Sosial mənzillərin tikilməsi üçün müvafiq bir fond da yaratmaq olar. İşçi ilə işəgötürən hərəsi ora müəyyən faiz vəsait də toplaya bilər və yaxud da ki, dövlət özü bunun üçün müəyyən vəsait ayıra bilər". M.Quliyev hesab edir ki, bu modellə mənzil problemini səmərəli şəkildə həll etmək olar: "Belə təcrübə bir çox dünya dövlətlərində tətbiq olunub və çox gözəl nəticə verib. Düşünürəm ki, Azərbaycan da bu təcrübədən istifadə etməlidir. Parlamentin payız sessiyasında bu məsələni qaldırmaq niyyətindəyəm".

Qeyd edək ki, bir sıra ölkələrdə aztəminatlı ailələrin də mənzil sahibi olması üçün dövlət tərəfindən sosial mənzillər inşa olunaraq əhaliyə ucuz qiymətə icarəyə verilir. İnsanlar hər ay icarə haqqını ödəyə-ödəyə zamanla o mənzilin sahibinə də çevrilirlər. Azərbaycanda da, Mənzil Məcəlləsinə əsasən, aztəminatlı əhaliyə kirayə verilməsi üçün nəzərdə tutulan xüsusi təyinatlı sosial mənzillərin tikilməsi və bu mənzillərin fondunun yaradılması nəzərdə tutulub. Məsələ dəfələrlə gündəmə gəlsə də, hələlik reallaşmır. Mütəxəssislər də hesab edir ki, həmin fond işlək formaya düşərsə, dövlət hesabına mənzil alan vətəndaşların sayı arta bilər. Xatırladaq ki, belə fondlar əsasən inkişaf etmiş ölkələrdə, eləcə də qonşu Türkiyədə, həmçinin bir sıra MDB dövlətlərində, məsələn, Rusiyada fəaliyyət göstərir. Türkiyədə sosial mənzil fondu artıq 40 ilə yaxındır fəaliyyət göstərir və aztəminatlı gənclər ayda cüzi məbləğ ödəməklə mənzilə sahib ola bilər.

Yuxarıda qeyd olunduğu kimi, sosial mənzil fondlarının formalaşdırılması Mənzil Məcəlləsində də nəzərdə tutulub. Həmin Məcəlləyə əsasən, sosial kirayə və sosial mənzil fondlarının yaradılması reallaşmalıdır. Sözügedən sənəd sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını da müəyyən edir. Məcəllədə qeyd olunur ki, sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. Məcəllədə o da yazılır ki, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qayda və şərtlərlə həyata keçirilir. Başqa bir tərəfdən sosial evlərin inşası mənzil bazarında qiymətin daha sürətlə aşağı düşməsinə səbəb ola bilər.