Süründürməçilikdən əl çəkməyən tikinti şirkətləri

20 Avqust 2015 11:00 (UTC+04:00)

Daşınmaz əmlak bazarında mövcud olan vəziyyət bir daha onu göstərir ki, tikinti şirkətləri yaşayış binalarını vəd etdikləri vaxtda tikib vətəndaşa təhvil vermir. Həmin binalardan mənzil alan vətəndaşlar da bu xüsusda aylar, illərlə gözləyir ki, nə zamansa evlərinə köçəcəklər. Lakin bu zaman bir çox hallarda uzun çəkir.

Tikinti şirkətləri binanı adətən 2 ilə tikib başa vuracaqlarını vəd etsə də, bu müddət uzun çəkir, bəzən hətta həmin binanın tikilib başa çatdırılması iki dəfədən çox uzanır. Lakin yaranmış bu vəziyyətə görə, tikinti şirkətləri heç bir məsuliyyət daşımadıqlarını da bildirirlər.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə, tikinti şirkətlərinin tikintini vaxtında başa çatdırmamağa görə hər hansı bir məsuliyyət daşımaması vətəndaşla bağlanan müqavilədə nəzərdə tutulan öhdəliklərin birtərəfli olmasından qaynaqlanır. Yəni, burada vətəndaşın öhdəliyi qeyd olunsa da, şirkətin öhdəliyi öz əksini tapmır: "Tikinti şirkətləri vətəndaşla münasibəti mülkü hüquqi müqavilə formasında qurur. Bütün bu tip müqavilələrdə öhdəliklərdən biri olaraq qiymət və icra vaxtı ilə bağlı məsələlər də qeyd olunur. İcra vaxtı ilə bağlı məsələdə də icranın, yaxud da vəsaitin ödənilməsinin gecikdirilməsi prosesilə bağlı olaraq tərəflərin məsuliyyəti nəzərdə tutulur. Vaxtında vəsaitin ödənilməməsi həmin şəxslə tikinti şirkəti arasında müqavilənin pozulmasına gətirib çıxara bilər. Amma məsələ ondadır ki, tikinti təşkilatlarının öhdəliklərilə bağlı məqam müqavilələrdə yer almır. Ümumi qaydada göstərilir ki, iki il müddətinə bina təhvil veriləcək. Lakin bu müddətdə tikilib başa çatdırılmadığı halda, tikinti təşkilatının hansı öhədliklər daşıdığı bir qayda olaraq müqavilələrdə göstərilmir. Həmçinin, müqavilələrin əksəriyyəti notariat qaydada təsdiq olunmur. Müqaviləni şirkət özü birtərfəli qaydada təsdiq edir. Belə vəziyyət isə gələcəkdə məhkəmələrdə mübahisə yaradacaq məsələdir. Şirkətlərə ödənilən vəsaitlərin əks olunduğu qəbzlər də çox zaman bank vasitəsilə ödənilmir. Sadəcə olaraq, tikinti təşkilatının VÖEN hesabına ödənilirdi. Belədə birdən-birə tikinti şirkətinin sahibi yoxa çıxırdı. Bu halda isə zərər çəkən vətəndaşın kimə qarşı ittiham qaldırması ilə bağlı problem yaranır. Bu zaman ödənişləri qəbul edən fiziki şəxs çox zaman eyni mənzili hətta bir neçə şəxsə satırdı. Belə hallara son qoymaq üçün göstəriş oldu ki, bütün müqavilələr həm də notariat qaydada təsdiq olunmalıdır. Buna nə dərəcədə əməl olunub-olunmadığı başqa bir məsələdir. Amma bütün hallarda müqavilənin formasına ciddi surətdə fikir vermək lazımdır. Burada tikinti şirkətlərinin öhdəlikləri də mütləq mənada yer almalıdır. Habelə, öhdəliklərə əməl etmədikdə, tikinti şirkətinə hansı cərimələrin tətbiq olunması, vətəndaşın xeyrinə hansı addımların atılması da burada əksini tapmalıdır. Belə olan halda mülkü məsələləri məhkəmədə daha asan qaydada həll etmək mümkündür. Lakin təəssüf ki, vətəndaşlarda əksər hallarda az miqdarda vəsait ödəməmələri üçün səhlənkarlıq edərək notariusa getməkdən yayınır. Amma bu zaman 10-100 minlərlə manat vəsaitini geri ala bilmir. Onu da qeyd edim ki, bütün tikinti təşkilatlarında ancaq mənzil alanın öhdəliyi qeyd olunub, mənzil satanın öhdəliyin isə heç bir tikinti təşkilatında rast gəlmək olmaz. Ona görə də tikinti şirkətləri tikintini vaxtında başa çatdırmamağa görə hər hansı bir məsuliyyət daşımırlar. Təəsssf ki, bunun da nəticəsində hazırda tikinti bazarında xaotik vəziyyət hökm sürür. Bu da həmin prosesə bir sıra səriştəsiz insanların daxil olması, onların arxasında bəzi vəzifəli şəxslərin durması ilə əlaqədardır. Ölkədə çox az miqdarda böyük şirkətlər var ki, müqavilə öhdəliklərini vaxtında icra edir. Bunu yerinə yetirə bilməyəndə də insanlara digər binalarda mənzillər təklif edirlər. Müqavilədə fors-major məqamları da nəzərə alınmalıdır. Elə hadisələr ola bilər ki, şirkətin iradəsindəna sılı olmayaraq, müqavilə şərtləri yerinə yetirilməsin. Amma məsələ ondadır ki, tikinti təşkilatının günahı üzündən vaxtında bina tikilib təhvil verilməyəndə də, şirkət rəhbərliyi onu fors-major hadisəsi kimi qiymətləndirir".

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimov isə sözügedən məsələdə yaranmış bu vəziyyəti qanunlarda olan boşluqlarda gördüyünü söylədi: "Tikinti şirkəti iə müştəri arasında müqavilə bağlanarkən, burada qeyd olunan öhdəliklər birtərəfli xarakter daşıyır, birinci tərəf öz üzərinə heç bir öhdəlik qoymur, ancaq vəzifəsi barədə qeydlər aparır. Qanunvericilik birmənalı olaraq, müqavilənin necə tərtib olunmasını tikinti şirkətlərindən tələb etmir. Bu da qanunvericilikdəki boşluqdan irəli gəlir. Ona görə də müqavilədəki bu boşluğu aradan qaldırmaq üçün onu qanunvericiliyə salıb tələb etmək lazımdır. Tərəflər arasında bağlanan müqavilənin ümumi formasını dövlət səviyyəsində tərtib edib qəbul etmək və bunu tikinti şirkətlərindən tələb etmək lazımdır. Burada tikinti şirkətinin üzərinə hansı öhdəlikləri götürdüyü və onu yerinə yetirməsə hansı məsuliyyətə cəlb olunacağı əks olunmalıdır. Bu barədə qərarı təbii ki, məhkəmə verir. Məhkəməyə də vermək üçün həmin öhdəliklər müqavilədə birmənalı olaraq göstərilməlidir. Göstərilmədiyindən məhkəməyə müraciət etmək üçün də predmet olmur".